Son zamanlar boşanmaların sayı durmadan artır. Artan boşanmalar fonunda ortaya çoxsaylı problemlər çıxır. Onlardan biri də birgə nikah dövründə əldə edilmiş əmlakdır.
Məlumdur ki, birgə nikah dövründə əldə edilmiş əmlak nikah pozulduqdan sonra tərəflər arasında bölünür. Lakin bir çox hallarda tərəflər arasında əmlak mübahisəsi olmur. Hətta nikah pozulduqdan sonra belə hər hansı bir əmlak iddiası irəli sürülmür.
Bütün bunlara baxmayaraq tərəflərdən biri ona məxsus əmlakı özkəninkiləşdirən zaman notarius qarşı tərəfin razılığını tələb edir.
Məlumdur ki, nikah pozulduqdan sonra tərəflər arasında münasibətlər çox gərgin olur. Onlar nəinki birgə müzakirə aparmaq, heç biri-birilərini görmək belə istəmirlər.
Bu səbəbdən, nikahdan illər sonra bir-birləri ilə düşmən mövqeyində olan tərəflərdən razılıq tələb etmək ciddi çətinliklər yaradır.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan hüquqşünas Ruslan Mustafayev deyib ki, nikahın ləğvi və sonrakı proses bu gün gündəmi məşğul edən məsələdir:
“Nikahın pozulması ilə bağlı məhkəmələrə edilən müraciətlərin sayı artdıqca nikahın pozulmasından sonra ortaya çıxan problemlərin də sayı çoxalır. Bu problemlərdən biri də nikah dövründə əldə edilmiş birgə əmlakın bölgüsü ilə bağlıdır. Məsələn, nikah pozulan zaman tərəflər bəzən qarşılıqlı tələb irəli sürmürlər, hansısa əmlaka iddia etmirlər. Lakin sonradan tərəflərdən biri ona məxsus əmlakı satanda notarius qarşı tərəfin razılığını tələb edir. Bu məsələdə qayda belədir ki, nikahın ləğvi prosesin tərkibində və yaxud ayrıca iddia formasında nikah dövründə əldə edilmiş əmlakların bölgüsünü tərəflər tələb edə bilərlər.
Bu iş üçün qanunvericilikdə 3 illik iddia müddəti müəyyən edilib.
Bu da o deməkdir ki, nikah ləğv edildikdən sonra tərəflərdən hər hansı biri nikah dövründə əldə edilmiş əmlakda payını məhkəmə qaydasında tələb edə bilər. Belə olan təqdirdə notariat kontoru mülkiyyətçi əmlakı özgəninkiləşdirdiyi zaman vəziyyəti araşdırmalıdır. Əgər nikahın pozulmasından 3 il müddətindən artıq vaxt keçibsə, notariat kontorunun digər tərəfin alqı-satqı prosesində iştirak etməsini tələb etməsi tam qanunsuzdur.
Yəni 3 il müddətində tərəf əmlakla bağlı iddia qaldırmayıbsa və əmlak bölgüsü tələb etməyibsə, o zaman 3 ildən sonra onun hər hansı iddia irəli sürməsinin hüquqi əsası yoxdur. Ona görə də nikahın pozulmasından 3 il vaxt keçibsə notarius digər tərəfin razılıq ərizəsinin verilməsini tələb etməsi doğru deyil”.
Surxay Atakişiyev, Bizim.Media































































































