Bakı metrosundan ŞİKAYƏT: "Neftçilər" və "Nərimanov"da qatarlar niyə boşaldılır?

Hazırda oxunan: Bakı metrosundan ŞİKAYƏT: "Neftçilər" və "Nərimanov"da qatarlar niyə boşaldılır?

595716

Bakı metrosunda axşam saatlarında sərnişinlərin metronun "Neftçilər" stansiyasında qatarlardan düşürülməsi narazılığa səbəb olub.

Bizim.Media xəbər verir ki, bununla bağlı “Oxu.az”a müraciət daxil olub.

Qeyd olunub ki, hər gün saat 19:30-dan sonra metronun "Neftçilər" stansiyasında qatara minik məhdudlaşdırılır və vətəndaşlardan vaqonları tərk etmələri tələb olunur.
 

"Bu hal əvvəl əsasən metronun "Nərimanov" stansiyasında müşahidə olunurdu. "Bakmil" istiqamətində hərəkət edən qatarlar "Nərimanov" stansiyasında boşaldılırdı. Son günlər isə eyni vəziyyət həm də "Neftçilər" stansiyasında yaşanır", - deyə müraciətdə qeyd olunur.


"Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov məsələ ilə bağlı bildirib ki, mövcud qrafik bunu tələb edir.

"Qatarların hərəkəti metropolitenin texniki infrastruktur imkanları, sərnişin axınının intensivliyi və istiqamətləri nəzərə alınaraq tərtib edilmiş qrafik üzrə tənzimlənir. Metronun "Həzi Aslanov" stansiyasının dalanında davam edən yenidənqurma işləri başa çatdıqdan sonra hərəkət qrafikində müvafiq dəyişikliklər olunacaq.
 

Hazırda isə qatarların hərəkətini optimallaşdırılmış ən sıx qrafiklə təmin etmək üçün gün ərzində "Neftçilər" stansiyasının dönmə kamerasından istifadə edilir. Bu zaman qrafikdə nəzərdə tutulmuş qaydada "Neftçilər" stansiyası həmin marşrutun son dayanacağı olur. Bununla belə, bütün xətlər üzrə müntəzəm monitorinqlər aparılır, texniki cəhətdən mümkün və sərnişin axınına uyğun dəyişikliklər, tənzimləmələr edilir.


Buna nümunə kimi, səhər və günorta saatlarında sərnişinsiz qatarların ən sıx stansiyalara yönləndirilməsi, bu zaman ehtiyat qatarlardan istifadə olunması, hətta axşam ən pik saatda sərnişinsiz, 35-ci qatarın xəttə buraxılaraq, "28 May" stansiyasına qədər gəlməsi qeyd oluna bilər. Digər optimal tənzimləmələrin də texniki mümkünlüyü müntəzəm araşdırılır və tətbiq edilməsi üçün işlər aparılır", - deyə B.Məmmədov qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin