10–13 fevral 2026-cı il tarixlərində Özbəkistan Respublikasının Daşkənd şəhərində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) İslam Dünyası İrs Komitəsinin 13-cü sessiyası keçirilir.
Bizim.Media xəbər verir ki, sessiya çərçivəsində fevralın 10-da İslam Dünyasının İrs Siyahısına və İslam Dünyası İrsinin İlkin Siyahısına təqdim olunmuş nominasiyalar müzakirə edilib.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmış Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksi və “Şuşa Şəhər Dövlət Qoruğu” nominasiya fayllarının ICESCO-nun İslam Dünyası İrs Siyahısına daxil edilməsi barədə qərar qəbul olunub.
Bununla da ilk dəfə olaraq Ağdam abidələri beynəlxalq mədəni irs siyahılarına daxil edilib.
Azərbaycanlılar üçün müqəddəs sayılan XVIII əsrə aid bu tarix-memarlıq Kompleksində Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın İmarəti ilə yanaşı onun və xanlıqda müxtəlif illərdə hakimiyyətdə olmuş hökmdarlar - İbrahimxəlil xanın və onun oğlu Mehdiqulu xanın qəbirüstü türbələri, həmçinin Mehdiqulu xanın qızı Xurşidbanu Natəvanın, Qarabağ xanlarının nəslindən olan digər görkəmli şəxslərin məzarları da yerləşir.
Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Ağdam İmarət Kompleksinin bərpadan sonra açılışında iştirak edib. Ağdam İmarət Kompleksi artıq ziyarətçilər üçün açıqdır.
Həmçinin Azərbaycanın mədəniyyət beşiyi olan Şuşanın ICESCO-nun Siyahısına daxil edilməsi bu qoruq-şəhərin dirçəlməkdə olan tarixi-mədəni irsinə verilən dəyərin əyani təcəssümüdür.






Bizim.Media


































































































