Məktəblərdə dərs yükünün azaldılması məsələsi dəfələrlə müzakirə olunan mövzudur. Bu istiqamətdə həm çantaların ağırlığı, həm imtahan prosesi, həm də dərs proqramlarıyla bağlı məsələ tez-tez gündəmə gətirilir.
Bu günlərdə Milli Məclisdə müzakirə olunan məsələlərdən biri də elə məhz məktəblərdəki summativ qiymətləndirmələrin çoxluğu idi.
Belə ki, 1-ci siniflərdə bu qiymətləndirilmələrin aparılması ləğv olsa da, digər ibtidai və yuxarı siniflərdə hər ay şagirdlər həm hər dərsdən test imtahanı verirlər, həm də yarım ilin sonunda Böyük Summativ Qiymətləndirmə adlı imtahanları verirlər. Əlbəttə, bu qiymətləndirmələrin məqsədi şagirdlərin biliklərinin yoxlanmasıdır.
Ancaq hər ay, hər fəndən keçirilməsinə ehtiyac varmı? Məktəblərdə summativ qiymətləndirmələrin sayını azaltmaq mümkündürmü?
Xüsusilə aşağı sinif valideynləri deyir ki, övladları məktəbə hələ yeni adaptasiya olduğu dövrdə hər ay testlərin keçirilməsi şagirdlərin həyəcan və gərginliyini birəbeş artırır, eyni zamanda dərs yükünü bir qədər də artırmış olur.
Bizim.Media mövzuyla bağlı təhsil eksperti Ramin Nurəliyevin fikirlərini öyrənib. O bildirib ki, summativ qiymətləndirmələri ləğv etmək əvəzinə sayını azaltmaq olar:
"Hazırda təhsilimizdə imtahanyönümlülük öndədir. Yəni qəbul imtahanları müxtəlif imtahan formatlarında olduğuna görə gələcəkdəki imtahan qorxusu üçün məktəblərdə summativ qiymətləndirmələr mütləqdir. Ancaq bunları hər rübün sonunda ayrı-ayrı keçirmək əvəzinə, birləşdirib birgə keçirmək daha yaxşı olar. Yəni hər ay yox, ildə 2 dəfə olsa daha məqsədəuyğundur".
Müsahibimiz qeyd edib ki, summativ qiymətləndirmələr "imtahan xofunu" aradan qaldırır:
"Bu qiymətləndirmələr vasitəsilə uşaqları aşağı siniflərdən qəbul imtahalarına alışdırmaq lazımdır. Çünki bizdə "imtahan xofu" var bu, azalmalıdır. Şagirdlər ciddi şəkildə yüklənir. Yəni, qəbul imtahanında suallar daha da çətinləşdirildiyi üçün orta məktəblərdə summativlərin keçirilməsi mütləqdir".
Nəzrin Mirzəyeva, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:20 / 11.02.2026
Şagirdlər psixoloji təzyiq altındadır – Hər ay summativ OLAR?
Hazırda oxunan: Şagirdlər psixoloji təzyiq altındadır – Hər ay summativ OLAR?
Hazırda oxunan: Şagirdlər psixoloji təzyiq altındadır – Hər ay summativ OLAR?
595531
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































