Çoxları onu cücələrimin ilk ifaçısı, “Ulduz” filminin Yetəri, “Alma almaya bənzər”də telefonçu qız kimi tanıyır və sevir. İncəsənət aləmində əvəzsiz xidmətləri olan Azərbaycanın Əməkdar artisti Suğra Bağırzadə bu gün 75 yaşını qeyd edir.
Bizim.Media olaraq Suğra Bağırzadə ilə yeni yaşında kiçik söhbətimiz oldu. Sevimli aktrisamızı yubiley yaşı münasibəti ilə təbrik etdik və ürək sözlərimizi çatdırdıq.
Həmin müsahibəni oxuculara təqdim edirik:
- Suğra xanım, insanlar sizi daha çox aktrisa kimi tanıyır. Amma siz həm də rəssamsınız və Floristika Cəmiyyətinin üzvüsünüz. İnsanlar sizi daha çox hansı peşəniz ilə tanıyanda xoşbəxt olursunuz? Aktrisa yoxsa rəssam-florist?
“Mənim üçün hər iki işim də əziz, müqəddəsdir. Amma mənim əsas işim mühəndislikdir. Çünki o vaxtların Neft-Kimya İnstitutunun kimya texnologiyası fakültəsini bitirmişəm. Ailə qurduqdan sonra bir il Elmi-Tədqiqat İnstitutunda işlədim. Atam istəmirdi ki, ömrümü kinoya həsr edim. Özünün elmə marağı böyük idi. 7 bacı və bir qardaşım var. Hamımız ali təhsilliyik. Böyük bacımın 86 yaşı var. Bəzilərimiz dissertasiya müdafiə edib. Hamı elmə bağlıdır, mən isə yeganə övladam ki, incəsənətlə məşğul oluram. Bundan da çox xoşbəxtəm. Allaha minnətdaram ki, bu imkanları mənə verərək 2 sənət sahibi olmağıma kömək olub”.
- Obrazını canlandırdığınız hansı rol sizin üçün doğmadır?
“Yəgin ki, “Ulduz” filmindəki Yetərdir. Çünki orada 15 yaşım var idi. Bu rol aldığım ilk böyük film idi. Lakin bundan əvvəl qısametrajlı filmdə çəkilmişdim. Uşaq vaxtımda böyük aktyorlarla birgə filmə çəkilmək, onlarla bir masada əyləşmək, söhbət etmək mənim üçün çox xoş idi. Ona görə də Yetər obrazı mənim üçün doğmadır”.
- Bu yaxınlarda BMT tərəfindən “Leonard Da Vinçi” medalı ilə təltif olunmusunuz, duyğularınız?
“Çox şad oldum. Çünki bu medal mənim 75 illik yubileyimə görə verilən birinci və böyük hədiyyə idi. Həm də BMT tərəfindən dünya mədəniyyətinə göstərdiyim töhfələrə görə dəyərləndirilməyim məni çox xoşbəxt etdi”.
- Gözəl və eyni zamanda uğurlu qadın olmaq elə də asan deyil. Siz həm gözəl, həm də uğurlu qadın olmağınızda nələrə borclusunuz?
“Yəgin ki, xasiyyətim, əməllərim və özümü necə aparmağıma borcluyam. Mənim kiməsə qarşı paxıllığım, pisliyim olmayıb. Özüm də ki, başımı aşağı salıb işlərimlə məşğul olmuşam. Pandemiya dövründə də güllərimlə işlərimə davam etmişəm. Yaponlar əbəs yerə deməyib ki, güllərlə işləyən insanlar xoşbəxtdir. Səhərlər idman edirəm, gəzməyi sevirəm. Kitab oxuyuram, tamaşalara baxıram. Dünyanın hansı ölkəsinə gedirəmsə, orada teatrda oluram. Yəni insan öz üzərində işləməlidir. İşləməsən heç nəyə nail olmazsan. Elələri var ki, 57 yaşında qocaldıqlarını boynuna alırlar. Beyin qocalırsa, deməli, insan yaşlanır. Mən kitabımı 70 yaşında yazmışam”.
- Hazırda hansısa kinoda, serialda çəkilirsinizmi? Aktrisalıq fəaliyyətiniz nə yerdədi?
“Xeyr, hazırda çəkilmirəm. Təkliflər də yoxdur. Amma bir filmdə çəkilmişəm o da hələ tam yekunlaşmayıb. İnşallah bitdikdən sonra adı hər kəs üçün məlum olacaq”.
- Gözəllik sirrinizdən bir neçəsini açıqlayaraq, qadınlarımıza nələri məsləhət görərdiniz?
“Özlərinə diqqət etsinlər, baxımlı olsunlar və özlərini hər halları ilə sevməyə çalışsınlar. O zaman hər şey yaxşı olacaq”.
- Hazırda xanımlarımızın estetik əməliyyatlara tələbi artıb. Buna münasibətiniz nədir?
“Düzü mən estetik əməliyyatların tərəfdarıyam. Amma çox cavan yaşda yox, yaşlananda bu əməliyyatlara müraciət olunsa daha düzgün olar. Çünki yaşa dolduqca əzələlər pis işləyəcək, vaxtı çatanda edilən prosedurlar yaxşı görsənməyə bilər”.
- Bəs siz özünüz estetik etdirmisiniz?
“Xeyr, mən estetik əməliyyat etdirməmişəm. Dərimə qulluqlar etməklə kifayətlənirəm”.
- Yeni yaşınızdan gözlənti və istəkləriniz nələrdir?
“Bircə istəyim budur ki, tezliklə dünyadan bu xəstəliklər bitsin. Biz də yenə əvvəlki həyatımıza qaldığımız yerdən davam edə bilək. Çünki əsərlərimi göstərmək üçün forumlara gedə bilmirəm. İstəyirəm itkilərimiz az olsun. Hər kəs sağlam yaşasın. İstəklərim hələlik budur”.
Səkinə Yusibli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:00 / 10.02.2022
“Cücələrim”in ilk ifaçısı 75 yaşında: “Atam istəmirdi ki, ömrümü kino ilə bağlayım”
Hazırda oxunan: “Cücələrim”in ilk ifaçısı 75 yaşında: “Atam istəmirdi ki, ömrümü kino ilə bağlayım”
Hazırda oxunan: “Cücələrim”in ilk ifaçısı 75 yaşında: “Atam istəmirdi ki, ömrümü kino ilə bağlayım”
59552
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.