Azərbaycanda yeni avtomobil bazarı ötən il kəskin artımla yadda qalıb. Statistikaya görə, 2024-cü ildə ölkədə təxminən 33 min yeni avtomobil satıldığı halda, 2025-ci ildə bu rəqəm 70 minə yaxınlaşıb. Bir il ərzində demək olar ki, iki dəfədən çox artım avtomobil bazarı üçün rekord hesab olunur. Bu, bir tərəfdən avtomobil parkının yenilənməsi olaraq müsbət hal kimi dəyərləndirilir. Amma nəzərə alsaq köhnə avtomobillər (2014-cü ildən aşağı) hələ də istismardadır, o zaman Bakının “çiyni”nə daha ağır yük düşəcək.
Bu sürətli yüksəliş təbii olaraq əsas bir sualı gündəmə gətirir: 2026-cı ildə də artım davam edəcəkmi, yoxsa bazar artıq “doyma” mərhələsinə daxil olub?
Ümumiyyətlə ötən il, xüsusən də payız aylarında yeni avtomobil satışlarında müşahidə olunan sıçrayış bir neçə faktorla əlaqəli idi: Əvvəla, hibrid avtomobillərə maraq kəskin yüksəldi. Yanacaq sərfiyyatının az olması və xərclərin nisbətən aşağılığı bu modelləri alıcılar üçün daha cəlbedici etdi.
Bundan başqa, Çin istehsalı olan daha ucuz markaların bazara aktiv daxil olmasıydı. Bu avtomobillər qiymət baxımından orta gəlirli alıcılar üçün əlçatan idi. Nəticədə, əvvəlki illərdə son model və 0 km maşınlara həsrətlə baxan vətəndaşlar arzularını Çin maşınları sayəsində çin etdilər.
Daha bir məqam: Azərbaycanda hibrid və elektrik mühərrikli avtomobillərin idxalının ƏDV-dən azad edilməsi idi. Sonradan bu vergi güzəşti həm idxala, həm satışa tətbiq olundu və 2025-ci ilin son gününə qədər qüvvədə qaldığı üçün avtomobil həvəskarları fürsəti fövtə vermədilər.
Bu il isə alış-satışın eyni templə davam edəcəyi sual altındadır.
Çünki həm bu ilin yanvarın 1-dən ƏDV qüvvəyə mindi, həm də Çin maşınlarının ehtiyat hissələrinin əlçatmazlığından tutmuş, dözümsüzlüyünə qədər bir çox problemləri üzə çıxdı.
Nəticədə aylarla zavoddan lazımi detal gözləmək yerinə köhnə maşınların hər dərdinə çarə olan “ölüxana”lar yenidən fəallaşdı. Bundan sonrakı mərhələ isə artıq sayını itirdiyimiz markalardan hansının daha dayanıqlı olmasıyla öz sözünü deyəcək. Başqa sözlə, əsas sual artıq “neçə avtomobil satılacaq?” yox, “hansı avtomobillər satılacaq?” olacaq.
Şəfiqə Şəfa, Bizim.Media































































































