Toyuq istehlakında KƏSKİN ARTIM – Əhali qırmızı ətdən imtina edir?

Hazırda oxunan: Toyuq istehlakında KƏSKİN ARTIM – Əhali qırmızı ətdən imtina edir?

595418

Azərbaycanda 2025-ci ildə ət və balıq məhsullarının pərakəndə satışı üzrə əksər istiqamətlərdə artım qeydə alınıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ətin pərakəndə satışı 2025-ci ildə 188.81 mln. manat təşkil edib ki, bu da 2024-cü ilin 130.49 mln. manat göstəricisi ilə müqayisədə 44.7% artım deməkdir. Ev quşları ətinin pərakəndə satışı isə 183.22 mln. manata çataraq illik müqayisədə 31.72% yüksəlib.

Ət məhsullarının pərakəndə satışı (quş əti məhsulları daxil edilməklə) 272.37 mln. manat olub. Bu göstərici əvvəlki illə müqayisədə 17.23% artım göstərib.

Bununla yanaşı, ət konservlərinin pərakəndə satışı azalıb. 2025-ci ildə bu seqment üzrə satış həcmi 14.65 mln. manat olub ki, bu da 2024-cü illə müqayisədə 4.18% azalma deməkdir.

Balıq məhsulları üzrə artım daha kəskin olub. Balığın pərakəndə satışı 36.3 mln. manata yüksələrək illik müqayisədə 45.33% artıb. Balıq konservlərinin pərakəndə satışı isə 122.4 mln. manat təşkil edib və bu, 41.32% artım anlamına gəlir.

Göründüyü kimi ötən ilə təzə qoyun və mal ətinə tələbat azalıb. Bununla paralel toyuq ətinə, balığa və konserv məmulatlarına tələbat artıb. Halbuki təzə heyvan ətinə tələbat hər zaman yüksək olub.

Bəs, heyvan ətinə marağın azalması nəylə bağlıdır?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyir ki, bu insanların qoyun və mal ətindən tam imtina etməsi demək deyil. Sadəcə, son dövrlərdə toyuq ətinə tələbat nisbətən daha sürətlə artıb:

“Bunun başlıca səbəblərindən biri mal və qoyun ətinin qiymətinin daha yüksək olmasıdır ki, bu da bəzi istehlakçıları daha münasib qiymətli quş əti almağa sövq edir. Yəni vətəndaşlarımızın real gəliri mal və qoyun əti almağa yetmir.
 

Başqa statistik göstəricilər də göstərir ki, quş əti istehlakı son illərdə artmaqda davam edir və adambaşına düşən quş əti istehlakı mal ətinə daha yaxın səviyyəyə gəlib. Eyni zamanda prosesə iri və xırda buynuzlu heyvanlar arasında yayılan dabaq xəstəliyi də təsir etdi. İnsanların bir qismi psixoloji olaraq qırmızı ətdən bir müddət imtina etdi.

 

Nəticə olaraq, əhali qoyun və mal ətindən tam imtina etmir, lakin toyuq ətinin daha ucuz və daha geniş istehsal olunan məhsul olması səbəbindən onun payı və xərclənməsi daha çox artıb”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin