Bələdiyyələrin fəaliyyətində ən çox yol verilən NÖQSANLAR

Hazırda oxunan: Bələdiyyələrin fəaliyyətində ən çox yol verilən NÖQSANLAR

595248

Bələdiyyələrin fəaliyyətində yol verilən səciyyəvi nöqsanlar üzə çıxarılıb.

Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi”ndə (2025-ci il üzrə) əks olunub.

Qeyd edilib ki, təhlillərin nəticələrinə əsasən yerli özünüidarəetmə fəaliyyətində yol verilən aşağıdakı səciyyəvi nöqsanları göstərmək olar:

- Bələdiyyənin adından başqalarına hüquq verən saxta sənədlərin hazırlanması;

- Bələdiyyə mülkiyyətinə aid torpaq sahələrinin saxta sənədlər əsasında satılması;

- Bələdiyyənin vəzifəli şəxsləri tərəfindən bələdiyyə əmlakı barəsində təkbaşına qərar verilməsi;

- Bələdiyyənin vəzifəli şəxsləri tərəfindən bələdiyyə torpaqlarının istifadəsi və mühafizəsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməməsi;

- Bələdiyyə əmlakının mənimsənilməsi və ya israf edilməsi;

- Bələdiyyə mülkiyyətində olan torpaq sahələri fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satıldıqda qiymətinin, habelə hərraca və ya müsabiqəyə çıxarılan torpaqların ilkin qiymətinin bazar qiyməti nəzərə alınmadan real dəyərindən daha aşağı müəyyən edilməsi;

- Bələdiyyənin vəzifəli şəxslərinin səhlənkarlığı nəticəsində yerli vergi və ödənişlərin, o cümlədən icarə haqlarının toplanması işi aşağı səviyyədə təşkil edilməklə bələdiyyənin maliyyə vəziyyətinin əsaslı şəkildə pisləşməsi.

Həmçinin, bələdiyyələrin fəaliyyəti ilə bağlı vətəndaş şikayətlərinin əsas səbəbləri araşdırılmış və təhlil nəticəsində məlum olub ki:
 

- Bakı şəhəri üzrə bələdiyyələr tərəfindən əsasən ötən dövrlərdə qanunsuz torpaq sahələrinin ayrılması, vergitutma obyektlərinin uçotu və yerli vergilərin hesablanmasında qanunvericiliyin tələblərinin pozulması, yerli əhəmiyyətli məsələlərin həlli, o cümlədən abadlaşdırma və yaşıllıqların mühafizəsi ilə bağlı vəzifələrinin lazımi səviyyədə yerinə yetirilməməsi hallarına rast gəlinir;


- Region bələdiyyələri tərəfindən əsasən torpaq sahəsinin ayrılması ilə bağlı qanunvericiliyin tələblərinə əməl edilməməsi, bələdiyyə torpaqlarının zəbt edilməsi, yaxud təyinatından kənar istifadə edilməsi, qeyri-qanuni istifadə olunan, habelə icarə müddəti bitmiş torpaqların bələdiyyənin sahibliyinə qaytarılması və dəymiş ziyanın ödənilməsi istiqamətində hər hansı tədbir görülməməsi kimi nöqsanlara yol verilir.

Bu şikayətlərin əsas səbəbi əhalinin bələdiyyə torpaqlarının ayrılması ilə bağlı qanunvericiliyin tələblərini bilməməsi, bələdiyyələrdə mülkiyyətlərinə aid torpaqlar barədə ətraflı məlumatın olmaması, torpaqayırma prosedurlarının uzun müddət tələb etməsi, bələdiyyə torpaqları üzərində nəzarətin, o cümlədən torpaqların mühafizəsinin düzgün təşkil edilməməsi, bəzən isə bələdiyyələrin vəzifəli şəxslərinin bələdiyyə torpaqlarından qanunsuz istifadəyə şərait yaratmasıdır.

İnzibati nəzarət zamanı müəyyən edilmiş hüquq pozuntuları və nöqsanların aradan qaldırılması və ya təkrar törədilməsinin qarşısının alınması məqsədilə ayrı-ayrı bələdiyyələrə müxtəlif məsələləri (bələdiyyə aktlarının qəbulu, yerli büdcə layihəsinin müzakirəsi və təsdiqi, büdcə vəsaitlərindən istifadə, yerli vergilərin hesablanması, bələdiyyə torpaqlarının idarə olunması, şəffaflığın təmini, bələdiyyələrin daimi komissiyalarının aktiv fəaliyyətinin təmin olunması, icra aparatının düzgün təşkili, icra sənədinin icraya yönəldilməsinin xüsusiyyətlərinə riayət olunması və s.) əhatə edən tövsiyələr hazırlanaraq göndərilib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin