Fevralın 6-da Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov rayonun hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, RİH başçısı aparatının məsul əməkdaşları, rayon ağsaqqalları və ictimaiyyət nümayəndələri ilə birlikdə rayon ərazisində yerləşən “Bənövşə” gölü su anbarının yenidənqurma və bərpası ilə əlaqədar görülən işlərin gedişatı ilə yerində tanış olublar.
Bizim.Media xəbər verir ki, Qusar şəhərində "Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya şəbəkələrinin yenidən qurulması layihəsi" 2016-cı ildə başa çatdıqdan sonra istifadəsiz qalaraq qurumuş “Bənövşə” gölü su anbarının bərpası məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən, dövlət büdcəsindən ilkin olaraq 1 milyon manat vəsait ayrılıb.
Layihə üzrə podratçı təşkilatın müəyyənləşdirilməsi üçün qanunvericiliyə uyğun olaraq tender proseduru həyata keçirilmişdir.
Müvafiq tender prosesindən sonra seçilmiş podratçı təşkilat tərəfindən su anbarının bərpası işlərinə başlanılıb.
Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov görülən işlərin gedişatı ilə bağlı ətraflı məlumat alıb, layihənin keyfiyyətlə və müəyyən edilmiş vaxt çərçivəsində icra olunmasının vacibliyini vurğulayıb. Bildirilib ki, “Bənövşə” gölü su anbarının yenidən qurulması təkcə infrastruktur layihəsi deyil, eyni zamanda sosial əhəmiyyətli təşəbbüsdür.
Layihənin icrası nəticəsində ümumilikdə 7 kənddə yaşayan 11 min nəfərdən artıq əhalinin içməli su təminatının əhəmiyyətli dərəcədə yaxşılaşdırılması nəzərdə tutulur. Hazırda - su anbarının bərpası layihəsinin birinci mərhələsində anbarın lil və çöküntülərdən təmizlənməsi, zəruri yerlərdə beton örtüyünün bərpası, su xəttinin yenilənməsi, mühafizə hasarının çəkilməsi və digər işlərin görülməsi nəzərdə tutulub. Növbəti mərhələlərdə içməli su təminatında ciddi problemlər yaşanan Köhnəxudat, Əvəcük, Gədəzeyxur, Bədişqala, Gündüzqala, İmamqulukənd kəndlərinə su xətlərinin çəkilməsi və Aşağı Ləgər kəndinin içməli su xəttinin də bu anbara qoşulması nəzərdə tutulur.
Rayon ağsaqqalları və ictimaiyyət nümayəndələri rayon rəhbərliyi tərəfindən həyata keçirilən təşəbbüsü yüksək qiymətləndiriblər.
Onlar uzun illər istifadəsiz qalmış su anbarının yenidən bərpasını rayon üçün əlamətdar hadisə kimi dəyərləndirərək göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Eyni zamanda, su ehtiyatlarından səmərəli istifadə, ətraf mühitin qorunması və gələcəkdə bu sahənin daha da təkmilləşdirilməsi ilə bağlı öz təkliflərini səsləndiriblər.







Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

























































































