Son illər Azərbaycanda boşanmaların sayı artıb. Rəsmi statistikaya görə nikahların təqribən yarısı boşanırlar.
Apardığımız araşdırmalar nəticəsində məlum olub ki, boşanmaların artmasının bir sıra sosial və hüquqi səbəbləri var. Həmin hüquqi səbəblərdən biri də alimentlə bağlıdır.
Belə ki, alimentin ödənilməsindən sonra onun hara xərclənməsinə dair qanunvericiliyimizdə hər hansı bir nəzarət mexanizmi yoxdur.
Bundan başqa məhkəmələr uşaqları əsasən ananın himayəsinə verir və kifayət qədər yüksək aliment kəsir. Üstəlik, alimentin tələb və icra mexanizmi də çox asan və sürətlidir. Bu faktorlar da qadınları boşanmağa həvəsləndirir.
Boşanma prosesinin asan olması isə ayrıca bir mövzudur.
Təəssüflər olsun ki, son illər yaradılan mediasiya institutu ailə institutunun qorunmasına ciddi töhfə verə bilmədi. Bu gün istənilən şəxs məhkəməyə müraciət edərək heç bir əsas gətirmədən boşana bilir. Çünki məhkəmə iddiaçıdan boşanmanın zəruri olduğunu sübut edən əsaslar tələb etmir.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan hüquqşünas Ruslan Mustafayev deyir ki, beynəlxalq təcrübədə, ailə məsələləri ilə bağlı proseslərdə müəyyən fərqli yanaşmalar var:
“Fərqli münasibət ondan ibarətdir ki, bir çox ölkələrin təcrübəsində nikahın ləğvi üçün müraciət edən şəxs nikahın nəyə görə ləğv olunmasının zəruriliyini məhkəmədə sübut etməlidir.
İddiaçı boşanmanın vacibliyi üçün sübutlar, əsaslar gətirməlidir. Bir sözlə öz tələbini iddiaçı kifayət qədər əsaslandırmalıdır ki, məhkəmə o tələbi təmin etsin. Amma bizdə nə qanunvericilikdə, nə də məhkəmə praktikasında nikahın ləğvi üçün iddia qaldıran şəxsdən əsasların tələbi nəzərdə tutulmur.
Eyni zamandan iddiaçıdan əsaslar və sübutlar tələb edilmir. Yəni iddiaçı şəxs xüsusi əsas olmadan, “xasiyyətimiz uyğun gəlmədi” deyərək məhkəməyə müraciət edir.
Məhkəmə də qanunvericiliyin tələbinə uyğun olaraq iddiaçı öz tələbində israrçı olursa, nəticədə nikahı ləğv edir”.
Surxay Atakişiyev, Bizim.Media































































































