Məhkumlardan cərimənin məcburi qaydada tutulması qaydasına dəyişiklik təklif edilib. Belə ki, Milli Məclisə daxil olan Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinə görə, məhkum cəriməni müəyyən edilmiş müddətdə ödəmədikdə cərimə növündə cəzanın icrası hökmü çıxarmış məhkəmə tərəfindən məcburi qaydada icraya yönəldilməklə həyata keçiriləcək. Bu halda cərimə ilk növbədə məhkumun əməkhaqqına və ya başqa qazancına yönəldiləcək.
Məhkumun əməkhaqqı və ya başqa qazancı olmadıqda, yaxud məhkumun əməkhaqqı və ya başqa qazancı cərimənin tamamilə ödənilməsi üçün kifayət etmədikdə cərimə məhkumun xüsusi mülkiyyətdə olan əmlakına və ya ümumi mülkiyyətdə olan payına yönəldiləcək.
Bu halda “İcra haqqında” Qanunun tələbin borclunun əmlakına yönəldilməsi ilə bağlı müddəaları tətbiq olunacaq.
Bəs məhkumun cəriməni ödəməsi üçün əməkhaqqısı, əlavə qazancı, əmlakı olmadıqda bu cərimə necə ödənir?
Mövzuya münasibət bildirən vəkil Ruslan Mustafayev Bizim.Media-ya deyib ki, Azərbaycan Respublikasının qanunvericiliyində qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının, məhkəmə hökmlərinin icrası qaydaları müəyyən edilib:
“Yəni məhkəmə qərarlarında şəxsdən pulun tutulması və yaxud məhkəmə hökmündə şəxsdən pulun tutulması nəzərdə tutulmuşdursa, qərar və hökm qanuni qüvvəyə mindikdən sonra mütləq şəkildə icra olunması üçün icraya yönəldilir. İcra məmuru icra haqqında qanunun tələblərinə uyğun olaraq həmin məbləğlərin tərəfdən tutulması üçün müvafiq tədbirlər görür.
Bu tədbirlər müxtəlif formada ola bilər, birinci növbədə, icra məmuru şəxsin əmlakının olub olmadığını müəyyən eləməlidir. Əmlak müəyyən edilmədiyi təqdirdə həmin şəxsin gəlirlərinin olub olmadığını müəyyən eləməlidir. Qanunvericilikdə bu formada ardıcıllıq müəyyən edilmişdir ki, icra məmuru qərarın icrası üçün müvafiq tədbirləri görə bilər.
Təəssüflər olsun ki, qanunvericilikdə məhz məhkəmə hökmü və yaxud qərarı ilə cərimə edilmiş şəxslərdən həmin cərimələrin tutulması ilə bağlı hissədə müəyyən boşluqlar var idi, yəni icra məmurunun səlahiyyətləri digər qərarların və hökmlərin icrasından fərqli olaraq müəyyən qədər az idi”.
Hüquqşünas bildirib ki, müzakirə olunan layihədə məhz cərimə ilə bağlı hissədə icra məmurlarının səlahiyyətlərinin digər və qərar və hökmlərin icrasına uyğunlaşdırılması nəzərdə tutulub:
“Artıq cərimələrin şəxs tərəfindən ödənilməsini təmin etmək üçün icra məmurunun səlahiyyətləri daha da genişləndirilir. Yəni cərimələrin həmin şəxsin əmlakına və yaxud hər hansısa bir əmlakda olan payına yönəldilməsi imkanı verilir. Əgər şəxsin əməkhaqqısı və digər rəsmi gəlirləri varsa, həmin gəlirlərə də yönəldilməsi nəzərdə tutulub.
Bu qaydalar əvvəllər olmadığı üçün bəzi hallarda cərimə edilmiş şəxslər illərlə həmin cərimələri ödəməkdən yayına bilirdilər. Amma hazırkı layihə təsdiq olunacağı halda artıq məhkəmə qərarı və hökmü ilə müəyyən edilmiş cərimələrin ödənilməsindən yayınmaq demək olar ki, mümkün olmayacaq”.
Günay Şahmar, Bizim.Media

































































































