Son dövrlər kənd təsərrüfatı məhsulları satılan bazarlarda alıcı azlığından şikayətlər artır.
Satıcılar bildirirlər ki, alıcı qüvvəsinin zəifləməsi təkcə satışlara deyil, hətta bazarda yer haqqının ödənilməsinə də ciddi çətinliklər yaradır. Halbuki bir zamanlar Bakı bazarları canlılığı, bolluğu və alver mədəniyyəti ilə seçilir, həm satıcılar, həm də alıcılar üçün əsas alış-veriş məkanı hesab olunurdu.
Maraqlıdır ki, nə baş verdi ki, "bazar mədəniyyəti" yoxa çıxmağa başladı?
Bəzi satıcılar isə bildirir ki, bu aylarda alıcı qüvvəsi onsuz zəif olur. Bəs bunun mövsümlə əlaqəsi nədir?
Bizim.Media mövzuyla bağlı iqtisadçı Akif Nəsirlinin fikirlərini öyrənib. O deyir ki, bazarlarda alıcının azalmasının əsas səbəbi mövsümi yox, daha çox iqtisadi xarakter daşıyır.
"İlin əvvəlində əhalinin maliyyə imkanları xeyli zəifləyir. Yeni il və bayram xərclərindən sonra insanların əlində sərbəst pul azalır, bir çox ailə borclarını bağlamağa və ya əsas xərcləri prioritetləşdirməyə məcbur qalır. Bu vəziyyətdə bazardan əvvəlki kimi bol məhsul almaq əvəzinə, daha az və daha seçici alışlar edilir".
Akif Nəsirli deyir ki, məsələnin kökündə əhalinin gəlir səviyyəsinin az olması da dayanır:
"Qiymətlər doğrudan da əvvəlki illərlə müqayisədə yüksəkdir, amma problem daha çox gəlirlərin bu qiymət artımına uyğunlaşmamasıdır. Maaşlar və sosial gəlirlər artan ərzaq xərclərini qarşılamadıqda insanlar avtomatik olaraq istehlakı azaldır. Yəni alıcının bazara gəlməməsi bahalıqdan çox, alıcılıq qabiliyyətinin düşməsi ilə bağlıdır.
İlin əvvəllərində alıcının az olmasının başqa bir səbəbi də mövsümi gəlirlərin azalmasıdır. Kənd təsərrüfatı, ticarət və gündəlik qazanc üzərində çalışan insanların gəliri qış aylarında aşağı düşür. Bu da bazarlara birbaşa təsir edir. İnsanlar daha çox gündəlik minimum ehtiyaclarını qarşılamağa çalışır, iri və həcmli alışlardan çəkinirlər".
Bəs marketlərin gündən-günə artması bazardakı alıcılığa təsir etmir?
"Marketlərin təsiri bu prosesdə əsas rol oynamır. Qeyd etdiyiniz kimi, bir çox məhsul marketlərdə bazardan bahadır, amma problem alıcının bazarla market arasında seçim etməsində deyil. Əsas məsələ ondadır ki, ümumilikdə insanların cibində pul azdır. Alıcı az olanda bu, həm bazarda, həm də marketlərdə hiss olunur, sadəcə bazar satıcıları bunu daha kəskin yaşayır.
Nəticə olaraq, bazarlarda alıcının azalması qiymətlərin təkbaşına baha olması ilə yox, gəlirlərin aşağı qalması, ilin əvvəlinin maliyyə baxımından ağır keçməsi və ümumi alıcılıq qabiliyyətinin zəifləməsi ilə bağlıdır. Bu tendensiya dəyişmədikcə bazarlarda canlanma qısa müddətdə gözlənilən deyil", - deyə Akif Nəsirli qeyd edib.
Nəzrin Mirzəyeva, Bizim.Media





































































































