2 Fevral - Azərbaycan Gəncləri Günüdür.
Ulu Öndər Heydər Əliyevin 1997-ci il 1 fevral tarixli Fərmanına əsasən hər il fevralın 2-si ölkəmizdə Azərbaycan Gəncləri Günü kimi qeyd olunur. Bu əlamətdar günün təsis edilməsi Azərbaycan gəncliyinə göstərilən yüksək diqqət və qayğının, gənclərin cəmiyyətin və dövlətin inkişafında aparıcı qüvvə kimi dəyərləndirilməsinin bariz nümunəsidir.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, fevralın 2-də Qusar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonda 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Müzəffər gənclik” adlı tədbir keçirilib.
Tədbirdə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının sədri David İbramxəlilov, Qusar RİH başçısı Aparatının məsul şəxsləri, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəis müavini Mustafa Nuhbalayev, Qusar Rayon Mərkəzi Xəstəxanasının direktoru İmran Qurbanov, Qusar Rayon Ağsaqqallar Şurasının sədri Sənan Xəlilov, rayonun təhsil, mədəniyyət, idman sahələrinə rəhbərlik edən şəxslər, qazilər, ictimaiyyət nümayəndələri, rayonun fəal gəncləri iştirak ediblər.
Tədbir iştirakçıları arasında gənc müəllimlər, tələbələr, şagirdlər və müxtəlif sahələrdə uğurları ilə seçilən gənclər yer alıblar.
Tədbirdən əvvəl rayon rəhbərliyi, idarə və müəssisələrin rəhbərləri, qazilər, eləcə də bir qrup fəal gənc tərəfindən Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri düzülərək dahi şəxsiyyətin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Tədbir Qusar Rayon Olimpiya İdman Kompleksində davam etdirilib. Əvvəlcə 2 Fevral-Gənclər Gününə həsr olunmuş rayonun gənc rəssamlarının əsərlərindən ibarət sərgiyə baxış keçirilib.
Ardınca Ümummilli Lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə rayon gənclərini səmimi qəlbdən təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Ölkəmizdə Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin əhəmiyyətindən danışan rayon rəhbəri bildirib ki, Azərbaycan gəncliyi dövlətin ən böyük sərvəti və gələcəyin təminatıdır. Rayon rəhbəri vurğulayıb ki, bu gün ölkəmizdə gənclərin hərtərəfli inkişafı üçün geniş imkanlar və əlverişli şərait yaradılıb.
Qeyd olunub ki, gənclərimiz yaradılmış bu imkanlardan səmərəli istifadə etməli, daim öz üzərilərində çalışmalı, müasir dövrün tələblərinə uyğun bilik və bacarıqlara yiyələnməli, geniş dünyagörüşünə malik, savadlı və təşəbbüskar vətəndaş kimi formalaşmalıdırlar.
Tədbir səmimi diskussiya şəraitində davam etdirilib. Gənclər onları maraqlandıran məsələlər barədə fikirlərini bölüşüb, təklif və təşəbbüslərini səsləndiriblər.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüş zamanı gəncləri düşündürən məsələlər ətrafında müzakirələr aparılıb.
Tədbirin sonunda müxtəlif sahələr üzrə yüksək nəticələr əldə etmiş, rayonun ictimai həyatında fəallığı ilə seçilən bir qrup gənc Qusar Rayon İcra Hakimiyyətinin və Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunub.














Aytəkin Alxaslı, Bizim.Media, Bizim.Media

































































































