“Bir mütəxəssis kimi qeyd etmək istəyirəm ki, bu gün Azərbaycanda onkoloji xəstələrə keyfiyyətli tibbi xidmət göstərə biləcək özəl müəssisələrin sayı çox azdır. Bu qanunu qəbulu o demək deyil ki, bütün özəl tibb müəssisələri onkoloji xəstələrə tibbi yardım göstərəcək”.
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov parlamentdə çıxışı zamanı deyib.
Sədr bildirib ki, bununla bağlı özəl klinikalarda monitorinqlər aparılacaq:
“Artıq müvafiq icra hakimiyyəti orqanları ilə əlaqə saxlayıb, söhbət aparmışıq. Ciddi monitorinqdən sonra hansı özəl klinikanın maddi-texniki bazası, kadr potensialı onkoloji xəstələrə keyfiyyətli tibbi yardım göstərə biləcəksə, klinik protokollara uyğun yardımı həyata keçirə biləcəksə, o xəstəxanalara da lisenziya da veriləcək. Bunların hesabatlılığı da Dövlət Onkoloji Tibb Müəssisələrinin qarşısında olacaq.
Bizdə Onkoloji Elmi Mərkəz bütövlükdə əhaliyə göstərilən onkoloji xidmətə cavabdeh olan bir orqandır və bütün statistika, hesabatlar dövlət tibb müəssisələrindən olduğu kimi özəl tibb müəssisələrindən də onkoloji xəstəxanalara veriləcək. Bu məsələyə son dərəcədə ciddi yanaşılmalıdır. Hansı özəl xəstəxanaın buna imkanı varsa, o da bu tibbi xidməti göstərəcək”.
Günay Şahmar, Bizim.Media

































































































