Fazil Mustafanın Naxçıvanın statusu ilə bağlı təklifinə Siyavuş Novruzovdan REAKSİYA

Hazırda oxunan: Fazil Mustafanın Naxçıvanın statusu ilə bağlı təklifinə Siyavuş Novruzovdan REAKSİYA

593999

“Bildiyiniz kimi, Naxçıvan Muxtar Respublikası bu gün üç dövlətlə sərhəddə yerləşir və o dövlətlərdə baş verən proseslər istər-istəməz Naxçıvana da təsirsiz ötüşmür. Bu baxımdan hesab edirəm ki, bu gün burada Naxçıvanın statusu deyil, onun müdafiəsi, gələcəkdə baş verə biləcək hadisələr zamanı hansı addımların atılacağı ilə bağlı fikir mübadiləsi aparılmalıdır”.

Bizim.Media xəbər verir ki, bunu deputat Siyavuş Novruzov parlamentin bugünkü iclasında çıxışı zamanı deyib.

“Əsas strateji layihələrdən biri olan nəqliyyat-kommunikasiya layihəsi Naxçıvan Muxtar Respublikasından keçməklə həyata keçirilir. Bu baxımdan layihənin uğurla reallaşdırılması üçün Naxçıvana əlavə dəstək, kömək, göstərilməsi, yolların yenilənməsi, Azərbaycanın Türkiyə ilə birbaşa əlaqəsinin təmin olunması, eləcə də gələcəkdə Ermənistana gedəcək yolların təmin olunması da məhz Naxçıvan ərazisindən keçməklə həyata keçiriləcək. Naxçıvanın statusu məsələsinə gəldikdə isə qeyd etmək istəyirəm ki, bu məsələ Azərbaycan Respublikası Konstitusiyasında öz əksini tapıb və Azərbaycan xalqının iradəsindən asılıdır. Bu səbəbdən hesab edirəm ki, bu mövzuya hər dəfə yenidən baxmağa ehtiyac yoxdur”, - deyə o qeyd edib.

Bundan başqa, deputat internet vasitəsi ilə saxta məlumatların yayılması məsələsinə də münasibət bildirib:

“Bu gün dövlət başçısı Naxçıvanla bağlı qərarlar verir və bir çox layihələr reallaşmağa başlayıb. Bunlar əsasən, yeni iş yerlərinin açılması və yaşıl enerji ilə bağlı məsələlərdir. Təəssüf ki, bundan bəzi antimilli qüvvələr, o cümlədən xaricdə yerləşən vətən xainləri müxtəlif media platformalarında, internet resurslarında süni intellektdən istifadə etməklə ayrı-ayrı şəxslərin adından saxta, dövlət və millət əleyhinə işlər aparmaqla məşğul olurlar və xarici kəşfiyyat orqanlarına xidmət edirlər. 
 

Hesab edirəm ki, bu gün bizim əsas mübarizəmiz məhz bu qüvvələrə qarşı yönəlməlidir. Əhali ilə mütəmadi görüşlər keçirilməli, düzgün olan informasiyalar onlara çatdırılmalıdır. Naxçıvan Muxtar Respublikasından seçilən nümayəndələr artıq bu istiqamətdə fəal iş aparır, yerli əhali ilə görüşür və təbliğat-təşviqat fəaliyyətini həyata keçirirlər. İnsanlar da artıq bu məsələlərin mahiyyətini başa düşürlər”.


Xatırladaq ki, daha əvvəl çıxış edən deputat Fazil Mustafa Naxçıvan MR-in dövlət kimi tanıtımının konstitusiyadan çıxarılmalı olduğunu bildirmişdi.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin