Səbail rayon Məhkəməsində sabiq deputat Elton Məmmədov barəsində xüsusi ittiham qaydasında verilmiş şikayətlə bağlı məhkəmə prosesi başlayıb.
Bizim.Media xəbər verir ki, hakim Günel Səmədovanın sədrliyi ilə keçirilən prosesdə çıxış edən Elton Məmmədov barəsində verilmiş şikayətin əsassız olduğunu deyib.
MÖVZU İLƏ BAĞLI:
Bu gün Elton Məmmədovun MƏHKƏMƏSİDİR
E.Məmmədov ifadəsində Kamal Məmmədova qarşı hər hansı bir təhqir hesab olunacaq söz demədiyini bildirib:
"Mən demişəm ki, Tərtər hadisələrində sizin da adınız var. Bu söz təhqir hesab oluna bilməz. Kamal Məmmədov xüsusi sifariş alıbsa o, başqa məsələ. Mən Azərbaycan Elmlər Akademiyası ilə bağlı məsələlərdə haqqın tərəfdarıyam. Hüquq pozuntularına qalsa, Kamal müəllimin rəhbərlik etdiyi şöbədə daha çox hüquq pozuntuları var. Deyir məni cinayətkar adlandırıb, onda ele kimə cinayətkar deyirlərsə xüsusi ittiham qaydasında şikayət verilməlidir məhkəməyə? "
Məhkəmədə çıxış edən xüsusi ittihamçı Kamal Məmmədov isə Elton Məmmədovun ona şər və böhtan atdığı üçün şikayətinin məhkəmə baxışına verilməsini xahiş edib:
"Elton Məmmədov məni cinayətkar adlandırıb dələduz deyib. İnsan səhvini başa düşər amma bu adam dayanmır. Məni Tərtər hadisələrində ittiham edir ki, mən o işlə bağlı hökm qəbul etmişəm. Xahiş edirəm şikayətim qeydə alınsın."
Elton Məmmədovun vəkilləri müdafiə etdikləri şəxsin əməlində hər hansı cinayət əməli olmadığını deyərək şikayətin rədd edilməsini xahiş ediblər. Məhkəmə qərar qəbul edib.
Qərara əsasən Kamal Məmmədov tərəfindən qaldırılmış xüsusi ittiham qaydasında şikayət rədd olunub.
Qeyd edək ki, E. Məmmədov barəsində xüsusi ittiham qaydasında şikayət olunub. Səbail rayon Məhkəməsinə müraciət edən şikayətçi E. Məmmədovun Cinayət Məcəlləsinin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə ittiham olunmasını tələb edib.
Xatırladaq ki, Azərbaycan Milli Elmlər Akademiyasının işlər idarəsinin sabiq müdiri, keçmiş deputat Elton Məmmədov sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır.
Bizim.Media