7 ildir tikintisi bitməyən Hövsan-Zığ yolu daha nə qədər uzanacaq? – Rəsmi AÇIQLAMA

Hazırda oxunan: 7 ildir tikintisi bitməyən Hövsan-Zığ yolu daha nə qədər uzanacaq? – Rəsmi AÇIQLAMA

59342

7 il əvvəl inşasına başlanılan 7 kilometrlik yol dalana dirənib. Söhbət 2015 -ci ilin oktyabrından təmirə bağlanılan Zığ dairəsi-Hövsan-Türkan avtomobil yolunun Zığ-Hövsan hissəsinin əsaslı şəkildə yenidən qurulmasından gedir. 

Qeyd edək ki, sözügedən yolun inşasına “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqram”ına əsasən başlanılıb və ümumilikdə yolun 130 min m2 sahəsinin 3 qat olmaqla asfaltlanması planlaşdırılıb. 2017-ci ildə inşasının bitməsi planlaşdırılan 7 kilometirlik yolda təmir işləri bu gün də davam edir. 

Daha doğrusu yolun tikintisi davamlı aparılmadığı üçün ləngiyir. Fasilələrlə aparılan yolda vaxtaşırı qəzalar və çoxsaylı ölümlər baş verir. Təmiri başa çatmayan yolda işıqlandırmanın olmaması isə ərazini “qan çanağı”na döndərib. 

Yolun tikintisinin bu qədər uzanması qəsəbə sakinləri ilə yanaşı, sürücüləri də ciddi narahat etməyə başlayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

6 ildir inşası bitməyən Hövsan-Zığ yolunda növbəti DƏHŞƏT – Jurnalist ölümdən döndü


Məsələ burasındadır ki, Azərbaycan Avtomobil Yoları Dövlət Agentliyi daxili investisiya hesabına tikilən Hövsan-Zığ yolunun konkret nə vaxt bitəcəyini özü də bilmir. Çünki qurumun açıqladığı tarixlərdə yolun tikintisi nəinki yekunlaşıb, üstəlik davamlı aparılmayan inşa daha da uzanıb.  

Xatırladaq ki, Prezident İlham Əliyev ötən ilin oktyabrında Zığ-Hövsan avtomobil yolunun yenidən qurulmasına 4,9 milyon manat ayırıb. Sərəncama əsasən, 58 min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Zığ–Hövsan avtomobil yolunun yenidən qurulması məqsədilə 4,9 milyon manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Azərbaycan Avtomobil Yoları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli Bizim.Media-ya açıqlamasında sözügedən yolda tamamlanma işlərinin aparıldığını deyib:

“Yolun konkret hansı zamanda bitəcəyini demək çətindir. İşlər son mərhələ üzrə gedir və bu il də davam etdiriləcək”.

Qurum rəsmisi onu da əlavə edib ki, indiyə kimi yolun tikintisinə nə qədər vəsait ayrılıbsa, ona uyğun da iş görülüb.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin