Tramvay “28 Mall”un qabağından keçəcək

Hazırda oxunan: Tramvay “28 Mall”un qabağından keçəcək

593409

“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na əsasən 2030-cu ilədək Bakıda ilk tramvay xətti istifadəyə veriləcək.

Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, Mehdiabad qəsəbəsindən “28 May” metrostansiyasınadək uzanacaq xətt paytaxtın ictimai nəqliyyat sisteminə və şəhər mühitinə böyük töhfələr verəcək. Perspektiv layihədə istifadəyə verilməsi planlaşdırılan digər 4 xətt isə Bakının ümumi mənzərəsini və şəhər keyfiyyətini əsaslı dərəcədə yaxşılaşdıracaq.

“Sea-Breeze” – Mehdiabad

Mehdiabad – 8 Noyabr prospekti

Bayıl – “28 May”

Həzi Aslanov – “28 May”

Əvvəlcə yaxın gələcəkdə istifadəyə veriləcək Mehdiabad – “28 May” xəttinin faydaları
İlk olaraq bu yeniliklə o qədər də yüksək keyfiyyətli ictimai nəqliyyatla təmin edilməmiş Rəsulzadə, Binəqədi, Mehdiabad və ətraf qəsəbələrin əhalisi daha əlçatan xidmət ala biləcək.

Həmçinin Rəsulzadə qəsəbəsindən son nöqtəyədək Azadlıq prospekti ilə hərəkət edəcək tramvaylar metronun da yükünü azaltmış olacaq. “Azadlıq prospekti” stansiyasının yaxınlığından keçəcək tramvay xətti metronun yaşıl xəttinin yükünün bir hissəsini öz üzərinə götürəcək.

Prospekt boyunca avtobus zolağının mövcud olması da tramvay xəttinin çəkilməsini rahatlaşdıran amillərdəndir. Belə ki, müasir tramvay xətlərinin relsləri digər nəqliyyat vasitələrinin də buradan hərəkətinə ciddi çətinlik yaratmadığından həmin zolaqların müəyyən hissələrdə müştərək istifadəsi mümkündür. Bir çox ölkələrdə bu təcrübədən geniş istifadə edilir.


Həmçinin Azadlıq prospektinin “28 May”a daha yaxın hissələrində isə küçənin tamamilə avtomobilsizləşdirilməsi və Cəfər Cabbarlı meydanında yaradılmış mühitə birləşdirilməsi də mümkündür ki, bu da şəhərin mərkəzində sosial mühitin yaxşılaşmasına, iqtisadi və mədəni aktivliyin daha da artmasına gətirib çıxaracaq.

Bakıda tramvay şəbəkəsinin dəmir yolu və metro ilə inteqrasiyası ictimai nəqliyyat çeşidliliyini artırmaqla, paytaxtın səs və ekoloji çirkliliyini də xeyli dərəcədə azaltmış olacaq. Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov mövzu ilə bağlı bildirib ki, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda ilk növbədə “Mehdiabad-28 May (HUB)” tramvay xəttinin çəkilməsi nəzərdə tutulub.


Bu xətt Bakının şimalındakı qəsəbələrin mərkəzlə birbaşa bağlantısını təmin edəcək. Gələcəkdə dəhlizin üzərindəki M.Rəsulzadə qəsəbəsində dəmiryolu stansiyasının tikintisi nəzərdə tutulub. Tramvay xətti istifadəyə verildikdən sonra bu dəmiryolu stansiyasında, həmçinin metronun “Azadlıq prospekti” stansiyası yaxınlıqda sərnişin mübadiləsi baş tutacaq.

Yəni tramvayla gələn sərnişinlər səfərlərini dəmiryolu və ya metro ilə davam etdirə biləcəklər.

Növbəti sərnişin mübadiləsi isə son dayanacaq kimi nəzərdə tutulan Bakı şəhərinin əsas
nəqliyyat mübadilə mərkəzi olan “28 May”da baş tutacaq. Hesablamalara görə, bu dəhliz istifadəyə verildikdən sonra həmin istiqamətdə təxminən 20 mindən çox avtomobil səfərinin azalacağı gözlənilir.

Paytaxtda ictimai nəqliyyat sahəsində görülən və görüləcək işlər yaxın gələcəkdə vahid bilet sisteminin yaradılmasını da gündəmə gətirir və yaxın illərdə bu istiqamətdə də addımların atılması mümkündür.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin