İnsan oğlu yaradılışdan özünün və dünyasının məhvini düşünüb, canlandırıb, bir sözlə həyatın hər anını zövqlə yaşamaqdansa son gününü və verəcəyi hesabatını düşünüb. Daha doğrusu, unutmağa imkan verməyiblər – bir tərəfdən qatı dindarlar, ezoteriklər, indi də alimlər dünyanın sonunu xatırlatmaqla məşğuldurlar.
1947-ci ildə Bulletin of the Atomic Scientists adlı alimlər qrupu simvolik saat yaratdı. 79 ildir əqrəblər təyin olunmuş gecə yarısı saatlarına nə qədər yaxınlaşırsa, alimlərin fikrincə, insanlıq üçün qlobal fəlakət riski bir o qədər yüksəkdir. “Gecə yarısı” burada qiyamət, insan sivilizasiyasının çöküşü və ya böyük miqyaslı bəşəri fəlakət mənasında metaforik göstərilir. Yəni həqiqi bir saat və ya proqnoz deyil. Alimlər onu hər il yeniləyir və dünyada mövcud riskləri qiymətləndirirlər (əsasən nüvə silahları, iqlim dəyişikliyi, süni intellekt və s.).
Bu il üçün təyin olunan saatı daha 4 saniyə azaldıblar. Buna səbəb dünyanın hal-hazırda nüvə müharibəsi ilə üz-üzə olmasıdır. Xüsusilə də Rusiya ilə ABŞ arasında nüvə müharibəsi riski bu təhlükəni daha da yaxınlaşdırır.
Alimlər bildirirlər ki, nüvə silahlarının istifadəsi riski 80 ildir təhlükəli olsa da, son bir ildə nüvə silahlarına qoyulan investisiyaların sürətlə artması, getdikcə daha çox təhdid yaradan hərəkətlər və açıqlamalar səbəbindən bu risk artıb. Dünyanın supergücləri arasında birbaşa nüvə münaqişəsi indi insanları daha çox narahat edir.
Xüsusilə Donald Trampın sayəsində ABŞ-nin qlobal səhnədə getdikcə daha çox dominant mövqe tutması Çin, Rusiya və NATO ölkələri arasında açıq qarşıdurmaya səbəb ola bilər. Həm də Çin onilliyin sonuna qədər qitələrarası ballistik raketlərin sayına görə ABŞ və Rusiyaya çatmağı hədəfləyir.
Xatırladaq ki, əgər saatlar irəli çəkilərsə (gecəyarısına yaxın), bu, bəşəriyyətin özünüməhv etməyə daha yaxın olması deməkdir. Əgər onlar geri çəkilərsə, risklər azalıb.
Şəfiqə Şəfa, Bizim.Media



































































































