Xəbər verdiyimiz kimi, Yevlaxda ər odlu silahla arvadını öldürüb və ailənin başqa bir üzvünü ağır yaralayıb. Hadisə Hacıselli kəndində baş verib.
Belə ki, 1977-ci il təvəllüdlü kənd sakini Qarayeva Elnarə Qafar qızı hələki naməlum olan səbəbdən əri tərəfindən odlu silahla qətlə yetirilib. Qatil eyni anda ailənin digər üzvü 1959-cu il təvəllüdlü Qarayev İldırım Zirəddin oğlunu silahla yaralayıb.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, Mehdi əvvəl də həyat yoldaşını öldürməyə cəhd edib. Həmin vaxt Qarayeva Elnarə Qatar qızı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Başından balta zərbəsi alan, barmaqlarının bir neçəsi kəsilən və sümükləri sındırılan qadını ərinin döydüyü və xəsarət yetirdiyi müəyyənləşib.
MÖVZU İLƏ BAĞLI:
Yevlaxda AİLƏ FACİƏSİ: Ər silahla arvadını öldürdü
Cinayət əməlinə görə həbs edilən Mehdi həmin vaxt açıq şəkildə bildirib ki, azadlığa çıxandan sonra işini başa çatdıracaq. O, həbsdən çıxandan sonra tüfəngə əl ataraq istəyinə nail olub. Mehdi həyat yoldaşı ilə yanaşı qonşusu - 1959-cu il təvəllüdlü Qarayev İldırım Zirəddin oğlunu da silahla yaralayıb. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.
Mehdinin bu addımı atmasına səbəb həyat yoldaşı ilə Zirəddin Qarayev arasında münasibətin olduğunu düşünməsi olduğu deyilir.
Qeyd edək ki, qətl törətməkdə şübhəli bilinən Qarayev Mehdi Atakişi oğlu polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Ehtiram Muradov, Bizim.Media