“Əhmədin vurulduğunu gördüm, mən qaçsam da, hərbçilər saxladı”

Hazırda oxunan: “Əhmədin vurulduğunu gördüm, mən qaçsam da, hərbçilər saxladı”

592814

Qaçaq yolla Azərbaycana külli miqdarda narkotik keçirmək istəyən İran vətəndaşının məhkəməsi yekunlaşıb.

Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, təqsirləndirilən Shokat Ali Hosseinin 72 yaşı var.

O, hadisə vaxtı birlikdə olduğu həmyerliləri Əhməd və Həmid Salmani ilə cinayət əlaqəsinə girib. Onlar birlikdə İranın Parsabad şəhərinə gəliblər. Əvvəlcədən razılaşdıqları kimi oradan 30 kiloqram marixuana və ov silahı götürərək ötən il aprelin 8-də gecə saatlarında Azərbaycan sərhədini Biləsuvar rayonu Cəbrayıl qəsəbəsi istiqamətində qanunsuz keçiblər. Onlar həmin vaxt sərhədçilərin “dayan” çağırışı verməsinə, bir neçə dəfə havaya xəbərdarlıq atəşi açmalarına da məhəl qoymayıblar. Ə.Bəşiri odlu silahdan sərhəd naryadının üzvlərinə üç dəfə atəş açıb, onları öldürməyə cəhd edib.

Sərhəd naryad üzvlərinin xidməti odlu silahlardan açdıqları atəş nəticəsində Əhməd Bəşiri zərərsizləşdirilib. Ali Hossein saxlanılıb, qrupun digər üzvü Həmid Salmani isə hadisə yerindən qaçıb.

Təqsirləndirilən Shokat Ali Hossein məhkəmədə ziddiyyətli ifadə verərək özünü yalnız dövlət sərhədini qanunsuz keçdiyinə görə günahkar bilib. Deyib ki, həmin vaxt sərxoş olub, hara getdiyini bilməyib.

Amma Shokat Ali Hossein həbs ediləndən sonrakı günlərdə verdiyi ifadədə hər şeyi danışıb. İranlı müstəntiqə etiraf edib ki, həmkəndlisi Həmid Səlmani Əhməd Bəşiri ilə birgə onun yaşadığı evə gəlib, içərisində 30 kilo narkotik olan üç ədəd bağlamanı sərhəddən keçirmək üçün ondan kömək istəyiblər.

Söz veriblər ki, bu işi həll edə biləcəyi halda ona 200 dollar verəcəklər: 

“Pula ehtiyacım olduğu üçün razılaşdım. Ertəsi gün onlarla görüşmək üçün Parsabad şəhərində yerləşən Təzəkənd kəndinə yollandım. Çöllük ərazidə Həmidin və Əhmədin üç ədəd qara rəngli bağlama ilə məni gözlədiklərini gördüm. Əhmədin əlində Vinçester tipli silah və bir gecəgörmə cihazı vardı. Bağlamaları götürüb sərhədə doğru getdik. Sərhədi sərhəd buraxılış məntəqəsindən kənar ərazidə keçdik. Bizə lazım olan yerə çatmağa 1 km qalmış Azərbaycan dilində bizə komanda verərək dayanmağımız bildirildi. Milliyyətcə azərbaycanlı olduğum üçün komandanı başa düşdüm.

Lakin Əhməd və Həmid fərqli istiqamətlərdə qaçmağa başladılar. Əhmədin odlu silahla hərbi qulluqçulara atəş açdığını, atışma baş verdiyini, atışma nəticəsində Əhmədin vurulduğunu gördüm. Həmid isə qaçaraq İran sərhədinə keçməyə nail oldu. Mən də qaçmağa çalışsam da, hərbi qulluqçular tərəfindən saxlanıldım”.

Məhkəmədə zərərçəkmiş qismində Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu da ifadə verib. Sərhədçinin sözlərinə görə, həmin şəxslər aydın müşahidə edilməsələr də, termal kamera vasitəsilə görünüblər: 

“Hadisə yerinə 15 metr qalmış havaya xəbərdarlıq atəşi açdım. Həmin şəxslərə dayan əmri verərkən onlar əkin sahəsində olan su arxının içində idilər. Onlardan biri bizə tərəf üç dəfə atəş açdı. Biz də atəş aça-aça həmin şəxslərin üzərinə getdik. İki nəfərdən biri öldürüldü, digəri isə qaçmağa cəhd etsə də, onu tuta bildik. Onların yanında böyük qara bağlamalar var idi”.

Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu olan digər zərərçəkmiş də eyni məzmunlu ifadə verib. Onların hər ikisi təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını deyiblər.

Lənkəran Rayon Məhkəməsi yekunda təqsirləndirilən şəxsə verilmiş ittihamların kifayət qədər dəlil və sübutlar, həmçinin zərərçəkmiş və şahidlərin ifadələri ilə təsdiqini tapdığını bəyan edib.

Hökmə əsasən, Shokat Ali Hossein Əhməd qəsdən adam öldürməyə cəhddə, qaçaqmalçılıqda, külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində, dövlət sərhədini qanunsuz keçməkdə təqsirləndirilərək 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin