Təhsildə çağdaş inkişaf modeli

Hazırda oxunan: Təhsildə çağdaş inkişaf modeli

592782

Müasir dünyada dövlətlərin dayanıqlı inkişafı artıq yalnız təbii sərvətlərin mövcudluğu ilə ölçülmür. XXI əsrin qlobal reallıqları göstərir ki, iqtisadi güc, siyasi sabitlik və beynəlxalq rəqabət qabiliyyəti bilavasitə insan kapitalının səviyyəsi, yəni elmə, təhsilə və innovativ düşüncəyə sahib cəmiyyətin formalaşması ilə bağlıdır. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müxtəlif illərdə səsləndirdiyi fikirlər ölkənin gələcək inkişaf modelinin ideoloji və strateji əsaslarını aydın şəkildə ortaya qoyur.

Prezident çıxışlarında dəfələrlə vurğulayıb ki, təbii sərvətlər, o cümlədən neft və qaz ehtiyatları ölkənin bu günü üçün mühüm rol oynasa da, uzunmüddətli perspektivdə əsas təminat insan kapitalıdır.

Bu yanaşma Azərbaycanın dövlət siyasətində təhsilin və gənclərin prioritet sahə kimi müəyyənləşdirildiyini göstərir.

Prezident İlham Əliyevin çıxışlarında xüsusi yer tutan məsələlərdən biri təbii sərvətlərin tükənə bilən xarakter daşımasıdır. Dövlət başçısı qeyd edir ki, təbii ehtiyatlar ölkəyə uzun illər ərzində rifah təmin etsə də, strateji düşüncə gələcəyi bu gün qurmağı tələb edir. 

Məhz bu nöqtədə təhsilin və elmin rolu ön plana çıxır.

Prezidentin “qara qızılı insan kapitalına çevirmək” konsepsiyası yalnız iqtisadi şüar deyil, dərin elmi-siyasi məna daşıyan inkişaf modelidir. Bu modelə əsasən, əldə olunan maddi resurslar təhsilə, elmə, gənclərin bilik və bacarıqlarının artırılmasına yönəldilməlidir. Çünki məhz savadlı, düşünən və milli maraqlara sadiq gənclər dövlətin gələcək dayanıqlığını təmin edə bilər.
 

Prezident İlham Əliyevin son çıxışlarından birində səsləndirdiyi “Dövlət siyasətini daha dolğun şəkildə həyata keçirmək üçün elm və təhsil bir yerdə olmalıdır” fikri inkişaf etmiş ölkələrin təcrübəsinə əsaslanan strateji baxışdır. Dünyanın qabaqcıl dövlətlərində elmi tədqiqatlar ali məktəblərlə sıx inteqrasiya şəklində fəaliyyət göstərir. Elmin təhsil sistemi ilə birgə inkişafı innovasiyanın, yeni texnologiyaların və intellektual məhsulun yaranmasına şərait yaradır.


Prezidentin vurğuladığı struktur islahatları, elmi-tədqiqat institutlarının birləşdirilməsi, idarəetmənin optimallaşdırılması və gənc kadrların önə çəkilməsi məhz bu məqsədə xidmət edir. Bu islahatlar elmi potensialın gücləndirilməsi və təhsilin keyfiyyətinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Təhsil siyasətinin mərkəzində gənclər dayanır. 

Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, ölkənin gələcəyi savadlı, müasir düşüncəli və vətənpərvər gənclərin əlindədir. Bu baxımdan kadr islahatlarının aparılması və gənc mütəxəssislərin idarəetməyə cəlb edilməsi dövlətin uzunmüddətli inkişaf strategiyasının tərkib hissəsidir.
 

Elmi araşdırmalar sübut edir ki, təhsilə qoyulan investisiya uzunmüddətli perspektivdə iqtisadi artım, sosial rifah və milli təhlükəsizlik üçün ən səmərəli vasitədir. Təhsil yalnız fərdi inkişaf vasitəsi deyil, dövlət quruculuğunun əsas sütunudur.


Prezident İlham Əliyevin təhsil, elm və gənclərlə bağlı səsləndirdiyi fikirlər Azərbaycanın gələcək inkişaf strategiyasının əsas konturlarını müəyyən edir. Təbii sərvətlərin tükənə biləcəyini nəzərə alaraq insan kapitalına yönəlmiş bu siyasət davamlı inkişafın yeganə real yoludur. Azərbaycanın gələcəyi maddi resurslarda deyil, bilikli beyinlərdə və düşünən nəsillərdə formalaşır.

Səbinə Həmidova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin