İmişli rayonunda fərdi yaşayış evində baş verən yanğın ölümlə nəticələnib.
Bizim.Media xəbər verir ki, hadisə bu gün səhər saatlarında İmişli şəhəri Cəfər Cabbarlı küçəsində qeydə alınıb. Sürahi Quliyevaya məxsus ümumi sahəsi 77 kvadratmetr olan 3 otaqlı evdə naməlum səbəbdən yanğın başlayıb və qısa müddətdə güclənib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin İmişli Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnika və şəxsi heyəti cəlb olunub.
Yanğın söndürülərək ətraf ərazilərə keçməsinin qarşısı alınıb.
Yanğın nəticəsində evin 27 kvadratmetr sahəsi yanıb, qalan hissəsi isə yanğından mühafizə olunub. Yanğın yerinə baxış zamanı bir nəfər kişinin meyiti aşkarlanıb. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İmişli rayon şöbəsinə təhvil verilib.
Müəyyən edilib ki, ölən şəxs həmin evdə kirayə yaşayan, İmişli rayonu Qaradonlu kənd sakini, 1957-ci il təvəllüdlü Sədrəddin Qüdrət oğlu Fərəcovdur.
Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo.az)
Bizim.Media




































































































