Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) Kibertəhlükəsizliyin idarəedilməsi sektorunun əməkdaşı Sənan Vəlizadə Yaponiyanın paytaxtı Tokioda keçirilən “Japan Security Analysis Conference 2026” (JSAC 2026) beynəlxalq tədbirində iştirak edib.
Bizim.Media xəbər verir ki, Yaponiyanın Milli CERT-nin (JPCERT/CC) təşkilatçılığı ilə baş tutan tədbir müasir kibertəhdid kampaniyaları, APT qruplaşmalarının fəaliyyəti, zərərli proqramların təhlili və kibertəhlükəsizlik insidentlərinə reaksiya mexanizmləri kimi aktual mövzulara həsr olunub.
Konfrans çərçivəsində fişinq hücumları, MitM texnikaları, RAT və C2 infrastrukturlarının təkamülü ilə bağlı real hadisələr üzrə nümunələr təqdim edilib.
Eyni zamanda insidentlərin atribusiyası, çoxklasterli hücumların analizi və genişmiqyaslı istismar hallarının araşdırılmasına dair fikir mübadiləsi aparılıb.
Praktiki sessiyalar zamanı zərərli e-poçtların təhlili və tərsinə mühəndislik yolu ilə zərərli proqramların analizi (malware reverse engineering) üzrə bacarıqların artırılmasına xüsusi diqqət yetirilib.
Beynəlxalq tədbirdə qlobal kibertəhdidlərə qarşı erkən aşkarlama imkanlarının və koordinasiyalı cavab mexanizmlərinin əhəmiyyəti xüsusi vurğulanıb.
Qeyd edək ki, Elektron Təhlükəsizlik Xidməti ilə Yaponiyanın Milli CERT-i arasında ötən ildən etibarən aktiv əməkdaşlıq əlaqələri mövcuddur.


Bizim.Media




































































































