İştirak etdiyim məclislərin birində, 4-5 yaşları olan uşaqların dialoquna şahid oldum (dialoq demək mümkündürsə). Hər iki uşaq azərbaycanca danışmaqda ciddi çətinlik çəkirdilər. Onlardan birinin nitqində rus dili, digərində isə türk dilinin təsirləri qabarıq şəkildə sezilirdi. Ona görə də, uşaqlar özlərini yaxşı bildikləri dildə ifadə etməyə çalışırdılar. Nəticədə onlar öz istədiklərini bir-birilərinə öz bildikləri dildə izah etməyə çalışsalar da, buna müvəffəq ola bilmirdilər.
Bu isə, sonda gözyaşları ilə nəticələn kiçik konfliktin yaranmasına səbəb oldu.
Təəssüf doğuran məqam isə, ondan ibarətdir ki, qarşılaşdığım mənzərə son dövrlərdə azyaşlı uşaqlar arasında ünsiyyət zamanı azərbaycan dilindən daha çox rus, türk, hətta ingilis dillərinə yer verilməsinin nəticəsi idi. Bunda isə uşaqlar ən son günahlandırılacaq şəxslərdir. Bəs, bu cür situasiyanın yaranmasına səbəb nədir?
Gələcəkdə bizi gözləyən sosial konfliktlərdən qaçmaq üçün vaxt var ikən hansı tədbirləri görməliyik?
Məsələ ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən filologiya elmləri doktoru, əməkdar jurnalist Qulu Məhərrəmli ana dilində danışmaqda çətinlik çəkən uşaqların çoxluğunun səbəbləri və bunun gələcəkdə səbəb olacağı fəsadlarla bağlı fikirlərini bölüşüb.
“Bizim ana dilimiz Azərbaycan dilidir. Ona görə də, istənilən ailədə uşaq birinci növbədə Azərbaycan dilini bilməlidir. Bundan sonra gələcək kareyra üçün uşaqlarını rus və ya ingilis dillərini öyrənməyə qoyurlarsa, ciddi problem yoxdur. Lakin uşaqların ana dili, əsas ünsiyyət dili Azərbaycan dilidir. Bu səbəbdən də, hər kəs özü üçün vətəndaş borcu bilməlidir ki, ilk növbədə öz övladına ana dilini öyrətsin, təlqin etsin”, - deyə əməkdar jurnalist qeyd edib.
MÖVZU İLƏ BAĞLI:
Rus sektorunun bağlanması çağırışına Elçin Şıxlı və Qulu Məhərrəmlidən CAVAB
Professor ana dilini bilməməyin gələcəkdə hansı problemlərə gətirib çıxara biləcəyini də vurğulayıb:
“Bizim milli varlıq, o dil vasitəsilə hopur insanların canına, qanına. Ona görə də vətəndaş məsuliyyəti olmalıdır. Biz dil dayışıcısı olaraq mirasımızı gələcəyə çatdırmağın qayğısına qalmalıyıq. Belə olmadığı təqdirdə, nə sosiallaşma olacaq, nə qarşılıqlı anlaşma olacaq, nə də uşaqlarımız ana dilini yaxşı biləcəklər. Ona görə də bu ciddi bir problemdir”.
Bəs, bu gələcəkdə Azərbaycan dilinin tamamilə sıradan çıxması ilə nəticələnə bilərmi?
“Əgər uşaqlar bu dili duymursa, ananın, atanın ruhu ilə onlara keçmirsə, əlbəttə ki, gələcəkdə ana dili ilə bağlı problemlər olacaq.
Bu özünüdərk məsələsinə də ciddi şəkildə təsir edir. Ailələr var ki, onlar rusdillidirlər, amma azərbaycan dilini də çox gözəl bilirlər, Azərbaycanın da təəssübünü çəkirlər. Azərbaycana aid materialları haqqında rusca, ingiliscə müzakirələrdə iştirak edirlər. Bu çox gözəldir. Önəmli olan bu dili qavramaq və bu dilin daşıyıcısı olduğunu hiss etməkdir”.
Murad Əhmədov, Bizim.Media