Atası tərəfindən 5 bıçaq zərbəsi vurulan qız: “Məni öldürmək niyyətində olsaydı…”

Hazırda oxunan: Atası tərəfindən 5 bıçaq zərbəsi vurulan qız: “Məni öldürmək niyyətində olsaydı…”

592059

Ali Məhkəmədə qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Alı Quliyevin (adı, soyadı şərtidir) barəsindəki qərardan zərərçəkmiş tərəfindən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Bizim.Media xəbər verir ki, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, zərərçəkmiş şəxsin kassasiya şikayəti qismən təmin edilib, Bakı Apelyasiya Məhkəməsinin qərarı dəyişdirilib. Məhkumun əməli Cinayət Məcəlləsinin (CM) 29,120.2.4-cü maddəsindən həmin Məcəllənin 29,120.1-ci maddəsinə tövsif olunub və ona 7 il 10 ay 15 müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

İstintaq materiallarına görə, hadisə 9 fevral 2024-cü il tarixdə saat 21:00 radələrində Bakı şəhərində yerləşən yaşayış binalarının birində baş verib.

Belə ki, Alı Quliyev həmin binanın sakini və əvvəllər tanıdığı şəxs tərəfindən söhbət etmək məqsədilə binanın dəhlizinə çağırılıb. Həmin şəxs ona qızı, zərərçəkmiş Aminə Quliyevanın (adı, soyadı şərtidir) guya əxlaqsız həyat tərzi keçirməsi barədə məlumat verib. Sonra ata bunu qızının həyat tərzinin onun namusuna toxunması kimi qiymətləndirib və “namusunu təmizləmək” niyyəti ilə Aminəni öldürmək qərarına gəlib. Bu məqsədlə o, tək halda mənzilə daxil olaraq mətbəxdən bıçağı götürüb. Daha sonra sağ əlində bıçaqla mənzilin dəhlizində dayanan qızına yaxınlaşıb və anasının (arvadı) gözü qarşısında Aminənin bədəninin müxtəlif nahiyələrinə çoxsaylı bıçaq zərbələri endirib.

Nəticədə Alı zərərçəkmiş şəxsə ümumilikdə 5 ədəd deşilmiş-kəsilmiş yara xəsarətləri yetirib.

Cinayət materiallarında qeyd edilib ki, təqsirləndirilən şəxs qızını öldürmək istəsə də, mənzilə səs-küyə görə daxil olan qonşusu onu arxadan tutaraq saxlayıb. Nəticədə Alı cinayətkar niyyətini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyib. Bununla da o, xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd etməkdə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Alı Quliyev 11 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə məhkumun müdafiəçisi tərəfindən verilən apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb.

Zərərçəkmiş şəxs isə kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş edib.

Kassasiya şikayətində zərərçəkmiş şəxs bildirib ki, cəza təyin edilərkən Ali Məhkəmə Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2023-cü il tarixli qərarının tələblərinə əməl edilməyib.

Aminə Quliyeva kassasiya şikayətində həmçinin qeyd edib ki, atası onu həqiqətən öldürmək niyyətində olsaydı, buna heç kim mane ola bilməzdi. Onun fikrincə, məhkum məhkəmə istintaqında verdiyi ifadələrdə onu öldürmək yox, qorxudaraq cəzalandırmaq niyyətində olduğunu bildirməklə həqiqəti söyləyib.

Məhkəmə kollegiyası işin materiallarını öyrənərək, kassasiya şikayətinin dəlillərini araşdırıb və proses iştirakçılarının çıxışlarını dinlədikdən sonra belə qənaətə gəlib ki, zərərçəkmiş şəxs tərəfindən verilən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı isə dəyişdirilməlidir. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin