Hər gün çimmək immuniteti zəiflədir? – Doğru bildiklərimizi alt-üst edən AÇIQLAMA

Hazırda oxunan: Hər gün çimmək immuniteti zəiflədir? – Doğru bildiklərimizi alt-üst edən AÇIQLAMA

591972

Günümüzdə insanların sağlamlığında müşahidə olunan əsas problemlərdən biri zəif immunitetdir. İmmunitetin zəifləməsi getdikcə xəstəliklərin daha da artmasına, sürətlə yayılmasına, xroniki hal almasına səbəb olur.
 

Bu gün kimi danışdırsan, xəstəliklərin artımının səbəbini qeyri-sağlam qidalanmada, stress və ətraf mühitin çirklənməsində, passiv, hərəkətsiz həyat tərzində görəcək. Bu öz yerində, immun sisteminin zəifləməsində sadalananlar mühüm rol oynayır. Amma... daha təsirli bir səbəb var ki, doğru bildiklərimizin ilk sıralarında gəlir – gigiyena!


Bu günə qədər hər gün duş almaq vacib bilinib – düşünülür ki, təmiz, təravətli bədən mikroblardan, çirkdən arındıqca orqanizm daha da möhkəmlənir. Lakin yaşlı nəslin tez-tez dilə gətirdiyi bir iddia da var ki, hər gün çimmək orqanizmi zəiflədir, onun mikroblarla mübarizəsinə mane olur.

Bu fikirdə həqiqət payı nə qədərdir?

Həkim-infeksionist Nahidə Məmmədova Bizim.Media-ya mövzu ilə bağlı bildirdi ki, bu yanaşmada qismən həqiqət var:

“Əvvəllər insanların həftədə bir dəfə çimməsinə baxmayaraq guya daha az xəstələnməsi ilə bağlı fikirləri çox eşitmişik. Əslində o dövrlərdə insanlar daha çox xəstələnirdi, lakin tibbi statistika və diaqnostika zəif olduğu üçün bu hallar qeydə alınmırdı. Bir çox xəstəlik “halsızlıq” kimi qəbul edilirdi. Buna görə də infeksion xəstəliklər, uşaq ölümü və erkən ölüm halları çox yüksək olurdu.
 

Bu gün xəstəliklərin daha çox görünməsinin əsas səbəbi tez-tez çimmək yox, necə çimməyə bağlıdır. Yəni, müasir dövrdə həddindən artıq steril həyat tərzinə üstünlük verirlər: antibakterial vasitələrdən və dezinfeksiyadan çox istifadə olunur. Bu da immun sisteminin təbii şəkildə özünü bərpasına və möhkəmlənməsinə mane olur”.


Həkim diqqətə çatdırdı ki, bəzi xroniki xəstəlikləri olanlar, xüsusilə allergiklər və digər dəri problemlərindən əziyyət çəkənlər günaşırı duş qəbul etməlidirlər. Xüsusilə də çox isti su və uzunmüddətli duş dərinin qoruyucu qatını daha da zədələyə bilər.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin