“Evfemiya” mağazasından ŞİKAYƏT – Müştəridən kartdan-karta ödəniş tələb olunub?

Hazırda oxunan: “Evfemiya” mağazasından ŞİKAYƏT – Müştəridən kartdan-karta ödəniş tələb olunub?

591938

“9 noyabr 2025 ci il tarixində, təqribən 20:40 radələrində ailə üzvlərimi məişət avadanlıqları və qab-qacaq almaq üçün Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, 80D-də yerləşən “Evfemiya” mağazasına göndərmişəm. Ailə üzvlərim aldıqları mallara görə POS-terminalla ödəniş etmək istəyiblər. Ancaq mağazanın Fərid adlı əməkdaşı buna etiraz edərək, ya nağd, ya da kartdan-karta ödəniş edilməsini istəyib.
 

Mən Fərid adlı şəxslə danışdım. O da “heç bir narahatlıq yoxdur, biz sizə sabaha qəbz göndərəcəyik” deyərək məni inandırdı. Mənə kart nömrəsi verdi və mən ora 931 manat pul köçürtdüm. Bundan sonrakı 15 – 20 gün mən və ailə üzvlərim qəbz tələb edəndə Fərid adlı şəxs “xahiş edirəm səs salmayın, məni işdən çıxardarlar” deyə məsələni uzatdı”.


Bunu Bizim.Media-ya “Evfemiya” mağazasından şikayətçi olan paytaxt sakini Fəqan İsmayılov deyib.

O bildirib ki, daha böyük problem sonradan yaranıb:

 “Bir müddət sonra aldığımız avadanlıqda problem çıxdı və ora apararaq avadanlığı geri qaytardıq. Ödədiyimiz pulu tələb etsək də, “bu gün-sabah veriləcək” deyib məsələni uzatdılar. Təqribən 2 ayadək gözləməli olsaq da, mağazadan heç bir səs çıxmadı.

Uzun yazışmalardan sonra nəhayət mağaza rəhbəri olan Gəncəli İsmayılov mənə zəng edərək məsələni öyrəndi və “1 həftə sonra gedib pulu götürə bilərsiniz” dedi. Mən mağazaya getdikdə isə mənə “bəzi kağız və sənədləri imzalamasanız, sizə pulu verə bilmərik” deyildi. Mən heç bir yerə imza atmadım. Sadəcə qəbzimi və pulumu geri istədim. O gündən bu günə nə mənim pulum qaytarılır, nə də ödəniş çeki göstərilir”

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov deyib ki,istənilən ticarət obyekti məhsul satarkən istehlakçıya kassa çeki - mədaxil orderi verməyə borcludur:
 

“Çox təəssüf ki, son zamanlar kartdan-karta ödəniş üsulu geniş yayılıb. Bu vergidən yayınmadır, qanunvericiliyin kobud şəkildə pozulmasıdır. Ona görə belə hallar qanunsuzluqdur və yolverilməzdir. Belə hallarla rastlaşan istehlakçı 012- 599-76-00 telefonu ilə Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət etməlidir.


Ümumiyyətlə isə qanunvericiliyə görə istehlakçı 14 gün müddətində aldığı malı geri qaytarmaq və dəyişmək hüququna malikdir”.

Məsələ ilə bağlı “Evfemiya” mağazasının mövqeyini öyrənmək istədik. Lakin mağazadan zənglərimizə cavab verilmədi.

Mövzunu diqqətdə saxlayacağıq.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin