Tovuz Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım briqadası ağır vəziyyətdə olan xəstə uşağı yolda köməksiz vəziyyətdə qoyub.
Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video paylaşılıb. Məlumata görə, hadisə dünən Tovuz rayonunda baş verib.
Görüntüdə iddia olunur ki, rayon sakini olan uşaq ağır vəziyyətdə Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, xəstənin vəziyyəti daha da ağırlaşıb və həkimlər onun Bakıya göndərilməsinə qərar veriblər.
Bu məqsədlə Tovuz Rayon Mərkəzi Xəstəxanası uşağı təcili tibbi yardım briqadası ilə Bakıya yola salıb. Lakin briqada yolda uşağın vəziyyətinin ağırlaşdığını görüb Bakıya getməkdən imtina edib. Həkim briqadası xəstəni qarlı hava şəraiti olmasına baxmayaraq, Şəmkir rayonu ərazisində avtomobildən düşürüb və geri qayıdıb.
Yolda xidmət aparan Baş Dövlət Yol Polisi İdarəsinin Şəmkir stasionar postunun əməkdaşları hadisə yerinə gəliblər və xəstəni Gəncə şəhərindəki xəstəxanalardan birinə çatdırıblar. (Oxu.az)
Bizim.Media






























































































