Ölkəmizdə taksi xidmətləri göstərən şirkət və aqreqatorların sayı artıqca bu sahədə çalışan vətəndaşların sayı da ilbəil daha da artıb. Belə ki, “Bolt”, “Uber” kimi bütün dünyada istifadə olunan tətbiqlərin ölkəmizdə istifadə olunmağa başlanması ənənəvi taksi anlayışında da ciddi dəyişikiliklər yaradıb. Artıq minik avtomobili olan istənilən vətəndaş sadəcə tətbiqi yükləməklə taksi fəaliyyəti ilə məşğul olmaq imkanına malikdir.
Bu isə bir sıra problemləri də bərabərində gətirib. Narahatlıqlar, istər sərnişinlər, istərsə də sürücülər arasında mövcuddur.
Belə ki, sərnişinlər qiymətlərin uyğun olmasından razı olsalar da, xidmətdəki nöqsanlarla bağlı şikayətlərin sayı hesabı yoxdur. Sürücülər isə, operatorların yüksək faiz dərəcələrindən və qeyri-rəsmi şəkildə, heç bir iş qrafiki olmadan çalışmalarından narahatdırlar.
Onu da qeyd edək ki, Prezident İlham Əliyevin fevralın 7-də imzaladığı "Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" fərmanında Bakı şəhərində taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində həyata keçirilən fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı normativ-hüquqi aktların layihələrinin hazırlanması ilə bağlı məsələlər də öz əksini tapıb.
MÖVZU İLƏ BAĞLI:
“Bolt” taksiləri nağdsız ödəniş sifarişlərindən imtina edir - Şirkətin vergidənyayınma İDDİASI
Bəs, qeyd olunan sahədə hansı yeniliklərə ehtiyac var?
Məsələ ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən nəqliyyat eksperti Eldəniz Cəfərovun sözlərinə görə, yeni layihənin hazırlanmasına ehtiyac böyükdür:
“Bakı şəhərində taksi fəaliyyəti ilə bağlı yeni layihəyə, həqiqətən də, ehtiyac var. Hal-hazırda Bakıda taksi fəaliyyəti 3 istiqamətdə həyata keçirilir: Özünün avtomobil parkı olan şirkətlər, avtomobil parkı olmayan operatorlar və fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olan vətəndaşlar. Hər üç istiqamətdə vahid layihə hazırlanmalıdır ki, nə sürücülərimiz, nə də sərnişinlərimiz əziyyət çəksinlər”.
Ekspert taksi fəaliyyətində başlıca problem komissiya haqlarının yüksək olmasını ön plana çıxarıb:
“İlk növbədə taksi şirkətləri qarşısında tələb qoyulmalıdır ki, onlar sürücülərə təqdim etdikləri müştərilərə görə aldıqları komissiya faizini azaltsınlar. Komissiya haqqı 20%-dən 10%-ə endirilsin. Ümumiyyətlə, Azərbaycanda fəaliyyət göstərən taksi aqreqatorları 10%-dən artıq komissiya haqqı ala bilməsinlər. Hər hansı bir şirkət müştəri təqdim etmək qarşılığında sürücünün qazancının 20%-ni tələb edir. Eyni şirkət, başqa ölkələrdə, məsələn Ukraynada 10% komissiya haqqı alırlar.
Düşünürəm ki, bu qeyri-ədalətli yanaşmadır. Bu taksi şirkətləri tərəfindən sürücülərin faktiki istismarı deməkdir”.
Ekspert taksi qiymətlərinin süni artımının yolverilməz olduğunu da diqqətə çatdırıb:
“İkinci məsələ ondan ibarətdir ki, taksi qiymətlərinin də süni şəkildə qaldırılmasına imkan vermək olmaz. Dövlətin hər kilometrə görə müəyyənləşdirdiyi orta qiymət var. Bu qiymət hal-hazırda 50 qəpik təşkil edir. Bu nə ucuz, nə də bahadır. Tələbə uyğun olaraq, bu bəzən 60 qəpiyə qalxa, tələb az olduqda isə 30 qəpiyə enə bilər. Heç bir halda hansısa taksi şirkətinin və ya dövlət qurumunun taksi sektorunu monopoliyaya çevirməsinə imkan vermək olmaz.
Taksi xidməti Azərbaycanda liberaldır, qiymətlərdən də sərnişinlər razıdır. Sadəcə olaraq qiymət səviyyəsini yüksəltmək lazımdır. Bunun üçün isə, ilk növbədə sürücülərdən alınan komissiya haqqı azaldılmalıdır”.
Eldəniz Cəfərov qeyd edib ki, Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin müvafiq avtomobildə ən azı 3 il təcrübəsinin olması vacibdir.
“Digər tələblər də var. Məsələn taksi kimi fəaliyyət göstərən avtomobillərin ağ və ya sarı rəng olması ilə bağlı da tələblər var. Lakin pandemiya şəraitində bu o qədər də əhəmiyyətli olmaya bilər. Lakin komissiya haqqı və iş təcrübəsi məsələsi mütləq nəzərə alınmalıdır”, - deyə ekspert fikirlərini yekunlaşdırıb.
Murad Əhmədov, Bizim.Media