20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı Qusarda ümumrayon tədbiri keçirilib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Azərbaycan xalqının azadlıq və müstəqillik tarixində silinməz iz buraxmış 20 Yanvar faciəsi milli yaddaşımızın ən ağrılı, eyni zamanda ən qürurverici səhifələrindən biridir. 1990-cı ilin yanvarında dinc əhaliyə qarşı törədilmiş bu qanlı cinayət xalqımızın iradəsini qıra bilməmiş, əksinə, onun azadlıq əzmini daha da möhkəmləndirmişdir.
Şəhidlərimizin canı bahasına yazılan bu tarix Azərbaycan xalqının mübarizə ruhunun, birlik və vətənpərvərlik hissinin parlaq təcəssümü kimi bu gün də dərin ehtiramla yad edilir. Məhz bu azadlıq əzmi 44 günlük Vətən müharibəsində tarixi Zəfərimizi şərtləndirdi.
Yanvarın 20-də 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı Qusar rayonunda ümumrayon tədbiri keçirilib. Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov, Qusar RİH başçısı Aparatının məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri və əməkdaşları, ictimaiyyət nümayəndələri tərəfindən Rayon Şəhidlər xiyabanı ziyarət edilərək şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Tədbir Qusar Rayon Mədəniyyət Mərkəzində davam etdirilib. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ardınca Qusar Dövlət Ləzgi Dram Teatrının aktyorlarının təqdimatında ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Təsirli məzmunu və peşəkar ifası ilə tədbir iştirakçılarında dərin mənəvi təəssürat yaradan ədəbi-bədii kompozisiyada 20 Yanvar faciəsinin tarixi həqiqətləri, xalqımızın azadlıq uğrunda mübarizəsi və şəhidlərimizin misilsiz qəhrəmanlığını əks etdirən səhnələr tamaşaçılara təqdim olunub.
Sonda Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov tədbirdə iştirak edən şəhid anaları və qazilərlə həmsöhbət olub, onların qayğıları ilə maraqlanıb.
Tədbirin davamı olaraq saat 12:00-da bütün rayon ərazisində şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Küçələrdə hərəkət dayandırılıb, səs siqnalları verilib.











Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu


























































































