Hər il 20 Yanvar yaxınlaşdıqca 35 il əvvəl qədim diyar Naxçıvanda baş verən tarixi hadisələr yenidən xatırlanır. Bu xatırlama sadəcə yaddaşın təzələnməsi deyil, azadlıq və dövlətçilik uğrunda milli mücadilə tariximizin ən parlaq, ən qürurverici səhifələrinə dönüşdür. Bu qeydlərdə həmin dövrə bir daha qayıdaraq tarixin bizi zirvəyə ucaltdığı dörd taleyüklü məqama diqqət çəkmək istəyirəm.
Tikanlı məftillərdən doğulan milli həmrəylik
Birinci məqam milli həmrəylik və birliyin tikanlı məftillər arasından doğulması idi. Araz çayı boyunca, qarlı-şaxtalı günlərdə sökülən sərhəd dirəkləri bir xalqın süni ayrılıqlara meydan oxumasının, azadlıq və milli birliyin təntənəsinin rəmzinə çevrildi. O məftillər yalnız metal deyildi – onlar qorxu idi, susqunluq idi, parçalanmaq və sükut içində yaşamaq qorxusu idi. Lakin Naxçıvan əhalisi bu qorxunu, bu susqunluğu, bu təzyiqi söküb atdı; hər bir dirək, hər bir sökülmüş məftil bir mesaj idi:
“Biz birlikdəyik, azadıq və birliyimizi heç nə poza bilməz.” Qarlı, şaxtalı günlərdə doğulan bu həmrəylik, tikanlı məftillər arasında çiçəklənən azadlıq ruhu, həm də gələcək qəhrəmanlıqların təməlini qoyan tarixi bir an idi.
Naxçıvanın SSRİ-dən çıxması: tarixi qərar və informasiya partlayışı
İkinci məqam: 20 Yanvar faciəsindən iki gün əvvəl – 1990-cı il yanvarın 18-də Ermənistan silahlı qüvvələrinin SSRİ ordusunun 7-ci briqadasının dəstəyi ilə Sədərək kəndinə hücumu oldu. Yanvarın 19-da Sədərəyin ağır artilleriya atəşinə tutulması, ilk şəhidlərimizin verilməsi, 20 Yanvar faciəsinin məhz Naxçıvanda – Sədərəkdə başlanması, Kərki kəndinin işğalı və Ermənistanın Naxçıvanı işğal planına qarşı 150-yə yaxın şəhidin qanı ilə yazılan qəhrəmanlıq salnaməsi bu torpağın müqavimət gücünü bütün dünyaya nümayiş etdirdi.

Üçüncü məqam Naxçıvan Ali Sovetinin (indiki Ali Məclisin) 19 yanvar 1990-cı ildəki tarixi qərarı idi – Naxçıvan Muxtar Respublikasının SSRİ tərkibindən çıxması haqqında qərar. Həmin sənəddə açıq şəkildə qeyd edilirdi ki, SSRİ Konstitusiyasının 81-ci maddəsinə baxmayaraq Azərbaycan SSR-in, o cümlədən onun tərkib hissəsi olan Naxçıvan MSSR-in suverenliyi və ərazi bütövlüyü qorunmur; İttifaq orqanlarına edilən saysız müraciətlər nəticəsiz qalır; Ermənistanın təcavüzü muxtar respublikanın varlığını təhlükə altına alır; Qars müqaviləsinin müddəaları kobud şəkildə pozulur. Məhz bu əsaslarla Naxçıvan MSSR Ali Sovetinin fövqəladə sessiyası Naxçıvanın SSRİ tərkibindən çıxması barədə tarixi qərar qəbul etdi.
Naxçıvan Televiziyası: blokadada olan diyarın dünyaya açılan səsi

Bu qərarın dünyaya çatdırılması isə Naxçıvan Televiziyasının tarixi missiyası idi. Qərar NTV vasitəsilə bir neçə xarici dildə elan edildi və dəfələrlə yayımlandı. Həmin anlarda iqtisadi, coğrafi və kommunikasiya blokadasında olan qədim diyarın səsi məhz Naxçıvan Televiziyası oldu. Sonralar SSRİ Ali Sovetində çıxış edən Putinin siyasət müəllimi Anatoli Sobçak açıq şəkildə bildirəcəkdi ki, SSRİ-nin dağılması prosesi Pribaltikadan yox, məhz Naxçıvandan başlayıb. Kiçik bir diyar nəhəng imperiyanın sütunlarını sarsıtdı və bu tarixi sarsıntının informasiya dalğası NTV ekranından dünyaya yayıldı. Bu, 100 illik tarixi olan Naxçıvan teleradiosunun ən çətin məqamda lider media kimi çıxış etməsinin parlaq nümunəsi idi.

Məhz bu tarixi məsuliyyət hissi ilə Naxçıvan Televiziyasında çalışdığımız dövrdə həmin qəhrəmanlıq salnaməsini əks etdirən üç xüsusi sənədli film ərsəyə gətirdik: “Ömrün Naxçıvan aşırımları: Həmrəylik”, “Ömrün Naxçıvan aşırımları: 20 Yanvar” və “Sədərəkdən Şuşaya”. Bu filmlərin əsas özəlliyi ondan ibarət idi ki, istifadə olunan bütün kadrlar ilk dəfə ictimaiyyətə təqdim edilirdi və 35 il əvvəl məhz Naxçıvan TV tərəfindən çəkilmişdi. Filmlərdə milli mübarizə tariximiz, ulu öndər Heydər Əliyevin Naxçıvan dövründəki siyasi və dövlətçilik fəaliyyəti faktoloji ekran dili ilə təqdim olundu. Bu işlərdə peşəkar həmkarlarım Anar Tahirov, İlkin Rzayev, Fərhaz Zamanbəyov, Anar Tağıyev, Elnarə Heydərova, Razim İsmayıllı, Faiq Abbasoğlu, Hüseyn Əsgərov, İlqar Məhərrəmov, Ağali Rəhimov, Uğur Bağırov, Yaqut Süleymanova və digərləri ruh və canlarını qoydular. Xüsusilə, “Sədərəkdən Şuşaya” sənədli filmindəki qazi tibb bacısı Nəzifə Qaybalıyevanın döyüş yolu Vətənin torpaqdan Vətənə çevrildiyi anın simvoluna çevrildi.

Dördüncü məqam üçrəngli bayrağın Naxçıvan Ali Məclisində ikinci dəfə ulu öndər Heydər Əliyev tərəfindən qaldırılması idi. Bu addım əsrlər boyu aparılan torpaq, millət və azadlıq mübarizəsinin zirvəsi oldu. Həmin tarixi anları da lentə alan yenə Naxçıvan Televiziyası idi. 1992-ci ildə Xalq Cəbhəsi–Müsavat cütlüyünün Naxçıvanda dövlət çevrilişinə cəhd göstərərək Daxili İşlər Nazirliyini və Naxçıvan Televiziyasını dağıtması zamanı belə, ulu öndər məhz Naxçıvan radiosu vasitəsilə xalqa müraciət edərək vəziyyəti nəzarət altına götürdü və çevrilişin qarşısını aldı. Təəssüf ki, həmin dövrün taleyüklü hadisələri digər telekanallar üçün nə maraqlı idi, nə də maraqlı edilmirdi.
Bayraq, dövlətçilik və NTV-nin qorunmalı tarixi yaddaşı

Planlaşdırdığımız “Ömrün Naxçıvan aşırımları: Bayraq” filmi yarımçıq qalsa da, bu layihəni mütləq tamamlayacağıq. Çünki bu silsilə həm müstəqillik tariximizə, həm də ümummilli liderin xatirəsinə ucaldılmış ehtiram abidəsidir.
Sonda demək istəyirəm ki, cəmi beş il ərzində Naxçıvanda baş verənlər bugünkü qüdrətli Azərbaycanın təməl daşları idi. O daşlara naxış vuran, onları yaddaşlarda yaşadan isə Naxçıvan Televiziyası olub. Bu gün biz yalnız təkcə müstəqilliyimizlə bərabər, onun vizual yaddaşını da qorumağa borcluyuq. Naxçıvan Televiziyasının başqa bir kanala birləşdirilməsi ilə bağlı səslənən fikirlərlə nə dünən, nə də bu gün razılaşmamışam. Bu kanal filial deyil, tarixdir, missiyadır, dövlətçilik yaddaşıdır.
Bəli, həm o dövrün mücadilə ruhu, həm də Naxçıvan Televiziyasının tarixi xidmətləri bizim fəxarət yerimizdir. Və biz bununla həmişə qürur duymalıyıq.
Sahil Tahirli


































































































