Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (AYNA) avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşıma fəaliyyəti həyata keçirən milli daşıyıcılarla görüş keçirilib.
Bu barədə Bizim.Media-ya AYNA-dan bildirilib. Qeyd olunub ki, ötən illər ərzində avtomobil nəqliyyatı ilə yük daşımaları sahəsində şəffaf mühitin təmin olunması, daşıyıcıların səmərəli fəaliyyət göstərməsi üçün imkanlar yaradılıb.
Ölkədaxili, həm də beynəlxalq yük daşımalarında yüksək xidmət standartlarının təmin olunması üçün tənzimləmə və nəzarət funksiyası yerinə yetirilib.
Görülən tədbirlər nəticəsində yük nəqliyyat vasitələrinin sayı 3400-dən artaraq 14193-ə çatıb, “İcazə” blanklarının (xüsusilə də “xüsusi defisit”) bolluğu yaradılıb, göstərilən xidmətlər elektronlaşdırılıb və ikitərəfli yük daşımaları bazarında bazar payımız 39%-dən artaraq 50%-i keçib. Beləliklə, avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları ciddi məşğulluq imkanı yaratmışdır.
Vurğulanıb ki, bir sənaye müəssisəsinə düşən orta işçi sayı 46 nəfər olduğundan, beynəlxalq yük daşımalarında istismar olunan 14193 yük nəqliyyat vasitəsinin yaratdığı məşğulluq imkanı təxminən 310 sənaye müəssisəsinə ekvivalent hesab edilə bilər.
Onu da qeyd etmək lazımdır ki, burada xidmət ixracı edən, yəni ölkəyə valyuta axınını təmin edən sahibkarlıqdan söhbət gedir.
Görüşdə, həmçinin qarşıda duran vəzifələr, milli daşıyıcıların üzləşdikləri çətinliklər, onların həlli yolları ilə bağlı fikir mübadiləsi aparılıb. Bildirilib ki, hazırda milli daşıyıcıların üzləşdiyi ən böyük çətinlik kadr çatışmazlığı ilə bağlıdır.
Əsasən, beynəlxalq yükdaşıma sahəsində peşəkar sürücülərə və yük avtonəqliyyat vasitələrinə texniki qulluq və təmir üzrə ustalara ehtiyac var. Qeyd edilib ki, milli daşıyıcıların beynəlxalq yük daşımalarında bazar payının artmasında bu kimi faktorlar önəm kəsb edir.
Qeyd olunan çətinlikləri nəzərə alaraq AYNA tərəfindən milli daşıyıcılara dəstək məqsədilə yeni layihəyə start verilir. Layihə çərçivəsində beynəlxalq yük daşımaları sahəsində C və CE kateqoriyalı sürücülərin hazırlanması məqsədilə təlimlər təşkil edilir. Təlim üçün ödəniş 266 manat olsa da, məbləğin 80%-dən çox hissəsi AYNA tərəfindən qarşılanacaq.
Sürücülər cəmi 50 manat ödəməklə təlimdə iştirak edə biləcəklər. Yekunda Dövlət İmtahan Mərkəzi tərəfindən aparılacaq qiymətləndirməyə əsasən sürücülərə 7 il müddətində etibarlı olan və beynəlxalq yükdaşıma sahəsində fəaliyyət göstərməyə imkan verən şəhadətnamə təqdim ediləcək.
Gələcəkdə işlə təmin olunmaları üçün sürücülərin daşıyıcılarla əlaqələndirilməsinə də şərait yaradılacaq. Hədəf 5000 yeni sürücünün hazırlanması və beynəlxalq bazarda iştirakının təmin edilməsidir.
Layihə çərçivəsində milli daşıyıcıların beynəlxalq yük daşımalarında bazar payının artırılması və yeni iş yerlərinin açılması istiqamətində digər tədbirlər də nəzərdə tutulub.



Bizim.Media






























































































