Dünya Səhiyyə Təşkilatının məlumatlarına görə, uşaqlıq yolu ağzı (serviks) xərçəngi qadınlarda ən çox rast gəlinən xərçənglər arasında 4-cü yerdədir. Dünyada hər il təxminən 660 min qadına uşaqlıq yolu ağzı xərçəngi diaqnozu qoyulur, təxminən 350 min qadın isə bu xəstəlik səbəbindən həyatını itirir.
Bundan əlavə, xəstəliyin erkən mərhələdə heç bir əlamət göstərməməsi, qadınlarda anormal vaginal qanaxma və qasıq ağrısı kimi şikayətlərlə həkimə gec müraciət etmələri də xəstəliyin inkişafını sürətləndirir.
Halbuki uşaqlıq yolu ağzı xərçəngi erkən diaqnoz qoyulduqda uğurla müalicə oluna bilən, hətta qarşısı alına bilən xərçəng növüdür. Heç bir şikayəti olmasa belə, hər bir qadının müntəzəm olaraq ginekoloji müayinədən keçməsi, lazımi testləri etdirməsi və serviks xərçəngi peyvəndini vurdurması çox-çox vacibdir.
Ən geniş yayılmış səbəb: HPV infeksiyası
Uşaqlıq yolu ağzı xərçənginin təxminən 99%-i İnsan Papilloma Virusu (HPV) ilə əlaqəlidir.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, araşdırmalar göstərir ki, hər 10 qadından 8-i həyatları boyunca ən azı bir dəfə HPV-yə yoluxur.
Ən çox cinsi əlaqə yolu ilə yoluxan və geniş yayılmış virus olan İnsan Papilloma Virusu heç bir əlamət olmadan illərlə bədəndə qala bilir. İmmunitet sistemi zəiflədikdə virus yenidən aktivləşir.
Yüksək riskli bəzi HPV tipləri isə uşaqlıq yolu ağzındakı hüceyrələrdə zamanla xərçəngə səbəb olan dəyişikliklərə, müalicə edilmədikdə isə serviks xərçənginə səbəb ola bilir.
Bizim.Media bildirir ki, Qadın Xəstəlikləri və Doğum üzrə mütəxəssis, türkiyəli həkim Murat Yassa serviks xərçənginə qarşı həyati önəm daşıyan 4 mühüm tədbiri açıqlayıb və xəbərdarlıq edib:
1. Ginekoloji müayinə
Müntəzəm ginekoloji müayinələr uşaqlıq yolu ağzı xərçənginin erkən diaqnozunda ilk və ən vacib addımdır. Qadınlara heç bir şikayətləri olmasa belə, 21 yaşından etibarən ildə ən azı bir dəfə ginekoloji müayinədən keçmələri tövsiyə olunur. Müayinə zamanı həkimin uyğun gördüyü skrininq testləri planlaşdırılır və ətraflı məlumat verilir.
2. Pap smear testi
Pap smear testi uşaqlıq yolu ağzından yumşaq fırça ilə götürülən hüceyrə nümunələrinin patoloq tərəfindən incələnməsi ilə aparılır. Bu test xərçəngönü hüceyrə dəyişikliklərini erkən mərhələdə aşkar edərək xəstəliyin inkişafının qarşısını almaq üçün həkimə və pasiyentə vaxt qazandırır. Qadınlara 21 yaşından etibarən, heç bir şikayətləri olmasa belə, smear testinə başlamaları və bu testi 3 ildən bir müntəzəm etdirmələri tövsiyə olunur.
3. HPV skrininq testləri
HPV skrininq testləri serviks xərçənginə səbəb ola bilən yüksək riskli İnsan Papilloma Virusu tiplərini aşkar edir. Xüsusilə 30 yaşdan sonra tövsiyə edilən bu testlər xərçəng riskinin müəyyənləşdirilməsində son dərəcə effektivdir.
Bəzi HPV tipləri aşağı risklidir və yalnız genital ziyillərlə məhdudlaşır. Yüksək riskli bəzi tiplər isə uşaqlıq yolu ağzı xərçənginə səbəb ola bilər. HPV skrininqi sayəsində risk altında olan qadınlar erkən mərhələdə müəyyən edilir və yaxından nəzarətə götürülür.
Smear və ya HPV testlərində virusun aşkar edilməsi qadınlarda xərçəngə tutulma qorxusu yarada bilər. Əslində, anormal test nəticəsi və HPV pozitivliyi qadının xərçəng olduğu anlamına gəlmir. Bunlar potensial xərçəngönü lezyonlardır və əksər hallarda erkən müdaxilə ilə nəzarət altına alınır.
4. İnsan Papilloma Virusu (HPV) peyvəndi
Dünyada mövcud olan yeganə xərçəng peyvəndi sayılan HPV peyvəndi uşaqlıq yolu ağzı xərçənginə səbəb olan yüksək riskli HPV tiplərinə qarşı qoruyuculuq təmin edir. HPV peyvəndi serviks xərçəngi ilə əlaqəli ən geniş yayılmış, ən riskli HPV tiplərinə qarşı geniş müdafiə yaradır.
HPV peyvəndi ideal olaraq 9–14 yaş arasında tətbiq edilsə də, 15 yaşdan sonra da bütün qadınlara və kişilərə vurula bilər. Peyvənd HPV ilə daha əvvəl qarşılaşmamış şəxslərdə ən yüksək qoruyuculuğu təmin edir.
Bununla belə, HPV infeksiyası pozitiv olan qadınlarda da faydalı olarkən, həm də digər HPV tipləri ilə yoluxmanın qarşısını ala və xəstəliyin irəliləməsini ləngidə bilər. Bu səbəbdən yaş və fərdi riskləri də nəzərə alaraq, peyvənd qərarını qadın xəstəlikləri və doğum həkimi ilə birlikdə vermək lazımdır.
Bizim.Media






























































































