Texnologiyanın sürətli inkişafı müasir dövrdə mədəniyyətlərin sərhədsiz yayılmasına şərait yaratdı. Bu, bir tərəfdən mədəniyyətlərin inteqrasiyası üçün əlverişli olsa da, digər tərəfdən dominant ölkələrin və dillərin təsiri nəticəsində mədəni kimliyi zəiflədirdi.
Bu baxımdan “Azərbaycan mədəniyyəti konsepsiyası – 2040” milli mədəni irsin qorunaraq beynəlxalq aləmdə tanıdılması istiqamətində tam yerinə və vaxtına düşdü. Konsepsiya yalnız milli mədəniyyətin dəyər kimi qorunmasını deyil, həm də daim yenilənən dünya ilə ayaqlaşmasını təmin edir.
MÖVZU İLƏ BAĞLI:
Ana dilimizi nə qədər qoruya BİLMİŞİK?
Konkret olaraq ədəbiyyat sahəsinə nəzər yetirək:
Azərbaycan ədəbiyyatı zəngin keçmişə malik olsa da, hazırda bir sıra problemlərlə üz-üzədir. Müasir dövrdə gənc oxucu auditoriyasının azalması, xarici ədəbiyyatın dominant mövqeyi və ədəbi tənqidin zəifləməsi bu sahədə əsas çətinliklərdəndir. Qloballaşma nəticəsində milli mövzu və dəyərlər arxa plana keçib, yad təsirlər üstünlük təşkil edir.
“Azərbaycan mədəniyyəti konsepsiyası” ədəbiyyatda milli kimliyin yenidən önə çıxarılmasını əsas tutur. Konsepsiyanın mərhələli şəkildə tətbiqi nəticəsində milli mövzulara əsaslanan müasir ədəbi əsərlərin təşviqi, Azərbaycan ədəbiyyatının beynəlxalq ədəbi mühitdə tanıdılması nəzərdə tutulur. Ən vacibi isə hazırda ədəbiyyatda müşahidə olunan pərakəndəliyin qarşısının alınmasıdır.
Bu gün Azərbaycanda çap olunan ən yeni ədəbiyyat və onların tanıtımı fərdi təşəbbüslər sayəsindədir. Bu konsepsiyanin tətbiqi ilə prioritetlər müəyyənləşdikdən sonra yazıçı və nəşriyyat arasında əlaqələndirmə yaradılacaq, kitabların oxuculara tanıdılması və çatdırılması müasir standartlara və beynəlxalq təcrübələrə əsasən müəyyənləşdiriləcək.
Dublaj sadəcə texniki proses deyil
Mədəniyyətin daha bir yaralı yeri sayılan dublyaj qloballaşmanın birbaşa təsirinə məruz qalmış mühüm sahələrdəndir. Hazırda Azərbaycanda dublajın keyfiyyəti, dilin təhrif olunması, emosional uyğunsuzluq, peşəkar kadr çatışmazlığı əsas problemlərdəndir.
Bir çox hallarda xarici filmlər və serialların dublyajı Azərbaycan dilinin üslubi imkanlarını tam əks etdirmir. Halbuki dublyaj sadəcə texniki proses deyil, incəsənətin yayım vasitəsidir. Sözügedən konsepsiyanın tətbiqi ilə peşəkar dublaj kadrlarının formalaşmasına, ədəbi dil normalarına uyğun, estetik cəhətdən keyfiyyətli dublyajların hazırlanmasına, ən əsası – tamaşaçıda ana dilinə qarşı hörmətin artmasına səbəb olacaq.
Ana dili mədəni dəyər kimi
Konsepsiyanın dilçilik sahəsində görüləcək işlərin daha da təkmilləşdirirlməsində əhəmiyyəti çox böyükdür. Qloballaşma şəraitində Azərbaycan dilinə yad dil elementlərinin həddindən artıq daxil olması, xüsusən kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə dil normalarının pozulması son zamanlar xüsusilə ciddi problemə çevrilmişdi. Terminoloji qarışıqlıq yaranıb, danışıq dilinin ədəbi dili sıxışdırması müşahidə olunur.
Konsepsiya dilçilik sahəsində vahid dil siyasətinin formalaşdırılmasına xidmət edəcək. Onun həyata keçirilməsi ilə Azərbaycan dilinin qorunması, terminologiyanın sistemləşdirilməsi sayəsində elmi və texnoloji sahələrdə ana dilində keyfiyyətli mətnlərin artırılması başlıca məqsədlərdəndir. Bu yanaşma Azərbaycan dilini yalnız ünsiyyət vasitəsi deyil, həm də mədəni dəyər kimi möhkəmləndirəcək.
Şəfiqə Şəfa, Bizim.Media































































































