İcra nümayəndəsi Hacıbala Abutalıbovun rayona köçdüyünü TƏSDİQLƏDİ

Hazırda oxunan: İcra nümayəndəsi Hacıbala Abutalıbovun rayona köçdüyünü TƏSDİQLƏDİ

591060

Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovun Bakıdan Qax rayonunun Ağçay kəndinə köçdüyü haqda xəbər rəsmən təsdiqlənib.

Bizim.Media xəbər verir ki, bu barədə “Modern.az”-a Qax rayon İcra Hakimiyyətinin İlisu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin sədri Həşim Həsənov məlumat verib. 

Keçmiş merin yaşadığı Ağçay kəndi İlisu inzibati ərazi dairəsinə daxildir.

İcra nümayəndəsi deyib ki, Hacıbala Abutalıbov artıq 3 ilə yaxındır ki, Ağçay kəndində yaşayır. O, Bakının sabiq merinin kənd arasına çıxmadığını da qeyd edib. Hacıbala Abutalıbov vaxtını əsasən Ağçayda yerləşən villasının həyətində keçirir.
 

Qeyd edək ki, keçmiş merin bu kəndə köçməsinin əsas səbəbi həyat yoldaşının əslən oralı olması ilə bağlıdır.


Hacıbala Abutalıbovun iki oğlu var və onların ayrı yaşadığı bildirilir.

H.Abutalıbov 1995-ci ilin fevral ayından 2000-ci ilin yanvar ayınadək Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı işləyib. 2000-ci ilin yanvar ayından 2001-ci ilin yanvar ayına qədər Baş nazirin müavini vəzifəsində çalışıb.

2001-ci ilin yanvar ayında Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı təyin edilib.

Düz 18 il Bakı Şəhəri İcra Hakimiyyətinə rəhbərlik edən cənab Abutalıbov 21 aprel 2018-ci il tarixndə bu vəzifədən azad edilib. Elə həmin gündə Prezidentin sərəncamı ilə Baş nazirin müavini təyin edilib.

21 oktyabr 2019-cu ildə Hacıbala Abutalıbov Baş nazirin müavini vəzifəsindən də azad edilərək təqaüdə göndərilib. 

2021-ci il martın 5-də hakim Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayında Hacıbala Abutalıbov qurumun İdarə Heyətindən kənarlaşdırılıb.

O, hazırda YAP-ın Veteranlar Şurasının üzvüdür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin