Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsində yerləşən yaşayış binasında baş verən yanğın zamanı zərərçəkənlərin yaxınları hadisənin təfərrüatını danışıblar.
Bizim.Media xəbər verir ki, nəvəsi və yoldaşı alovların içindən xilas edilən sakin FHN əməkdaşlarının fədakarlığını belə nəql edib:
"Mənim 70 yaşlı yoldaşımla, 7 yaşlı nəvəmi Fövqəladə Hallar Nazirliyinin işçiləri son anda, ölüm ayağında, hətta öz maskalarını çıxarıb onlara verərək xilas etdilər. Onlara halal olsun.
Mən hadisə vaxtı burada deyildim. İlkin yardımdan sonra evə gətiriləndən sonra xəbərim oldu. Son anda qoca qadını qolundan tutub, balaca uşağı isə qucaqlarına alıb aşağı endirdilər. Mən inana bilmirəm ki, bizim belə gənclərimiz var. Vallah, fəxr edilməlidir. Ev cəhənnəmə yansın, amma o iki nəfəri ölüm ayağında son anda xilas etdilər.
Onlar beşinci mərtəbədə tək qalmışdılar, hamı aşağı düşmüşdü. Yerdə qışqırıb deyirdilər ki, 3-4 dəqiqəyə fövqəladə hallar işçiləri gəlirlər, bir az da dayanın. Gələn kimi o tüstü-dumana baxmayaraq, onları çıxarıb ölümdən xilas etdilər. Mən ömrüm boyu FHN əməkdaşlarına minnətdar olacağam".

Bizim.Media



































































































