Müxtəlif asılılıqlarla bağlı reabilitasiya xidmətləri təklif edən “Qurtuluş” reabilitasiya mərkəzində Ombudsman Aparatının əməkdaşları tərəfindən monitorinq keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Ombudsman aparatı məlumat yayıb.
Bildirilib ki, monitorinq Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı ilə Ombudsman yanında “Psixi sağlamlıq və İnsan hüquqları” sahəsində İşçi Qrupun fəaliyyəti çərçivəsində həyata keçirilib.
Qeyd edilib ki, qanunvericiliyə uyğun qaydada təşkil olunmuş monitorinqin məqsədi bu mərkəzdə saxlanma şəraiti, rəftar məsələlərinin araşdırılması və reabilitasiya prosesinə cəlb olunmuş şəxslərin hüquqlarının təmini məsələlərinin öyrənilməsi olub.
Mərkəzin fəaliyyətinin hüquqi əsasları, sənədləşmə, qidalanma, tətbiq olunan reabilitasiya proqramları, rəftar, müraciət etmək hüququ kimi məsələlərlə bağlı müəssisənin rəhbərliyi və əməkdaşlarla söhbət aparılıb.
Monitorinq zamanı mərkəzdəki yataqxana, yeməkxana, ibadət otaqları, inzibati hissə və istirahət zonalarına baxış keçirilib, reabilitasiya keçən bir neçə nəfər könüllü və konfidensial qaydada qəbul edilib.
Reabilitasiya prosesi keçən şəxslərin məxfiliyinə, şəxsi həyatına hörmət prinsiplərinə riayət edilməsi məsələləri araşdırılıb, yalnız könüllü razılıq olduqda bu şəxslər barədə məlumatların ictimailəşdirilməsinin mümkünlüyü vurğulanıb.
Bildirilib ki, reabilitasiya xidmətləri göstərən mərkəzlərin fəaliyyəti üzərində müntəzəm nəzarətin təmin edilməsi, müvafiq sahədə qanunvericiliyin və lisenziyalaşdırma prosesinin təkmilləşdirilməsi, etik prinsiplərə ciddi riayət olunması zəruridir.
"Eyni zamanda, media nümayəndələri və ictimaiyyətin reabilitasiyadan keçən şəxslərin məxfiliyinə hörmətlə yanaşması xüsusi əhəmiyyət kəsb edir. Digər tərəfdən, asılılıqlardan əziyyət çəkən şəxslərin cəmiyyətə adaptasiyası üçün vacib olan bu cür mərkəzlər barədə yoxlanılmamış məlumatların yayılmasının da narahatlıq doğurduğu vurğulanmalıdır.
Məsələ Ombudsmanın diqqət mərkəzindədir. Reabilitasiya xidmətləri göstərən mərkəzlərin monitorinqi prosesinin davam etdirilməsi, monitorinqlərin nəticələri əsasında aparılan təhlil işinin yekunlaşdırılaraq müvafiq təklif və tövsiyələrin hazırlanması və aidiyyəti dövlət orqanlarına ünvanlanması nəzərdə tutulur" - deyə məlumatda vurğulanıb.
Bizim.Media



































































































