İran və Pakistandan gətirilən kartoflarla bağlı XƏBƏRDARLIQ

Hazırda oxunan: İran və Pakistandan gətirilən kartoflarla bağlı XƏBƏRDARLIQ

590974

Azərbaycana idxal olunan kartofun keyfiyyəti müzakirələrə səbəb olub. Pakistan, İran və Türkiyədən Azərbaycana gətirilən bütün kartofların texniki kartof olduğu iddia olunur.

Ölkəyə gətirilən kartofun “texniki kartof” olması, keyfiyyətsiz məhsul kimi bazara çıxarılması və ya heyvan yemi məqsədilə istehsal olunmuş kartofun istehlaka yönəldilməsi narahatlıq yaradıb.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı-ekspert Akif Nəsirliaçıqlamasında “texniki kartof”un zərərlərindən bəhs edib:

““Texniki kartof” adətən qida məqsədi üçün yox, sənaye və ya toxumluq üçün nəzərdə tutulan kartofa deyilir. Belə kartoflar nişasta,spirt, çips istehsalı üçün xammal kimi istifadə oluna bilər və ya əkilmək üçün, yəni toxum məqsədilə gətirilir.
 

Onların sağlamlıq üçün əsas riskləri ondadır ki, bu kartoflar bəzən qida standartlarına uyğun nəzarətdən keçmir, saxlanma və daşınma zamanı fərqli kimyəvi maddələrlə işlənə bilir. Məsələn, cücərmənin qarşısını almaq üçün istifadə edilən maddələrin qalıqları çox olduqda insan sağlamlığı üçün zərərli ola bilər.


Həmçinin uzun müddət və uyğun olmayan şəraitdə saxlanmış kartofda solanin adlı zəhərli maddə arta bilər ki, bu da ürəkbulanma, başgicəllənmə və digər problemlərə səbəb ola bilər”.

Ekspertin sözlərinə görə, bütün idxal kartoflarının avtomatik olaraq “texniki” və ya zərərli olduğunu demək düzgün deyil:

“Rəsmi şəkildə ölkəyə gətirilən kartoflar fitosanitar və sanitar nəzarətdən keçirilir və qida üçün yararlı olub-olmaması yoxlanılır. Problem daha çox nəzarətsiz və ya qeyri-rəsmi dövriyyəyə düşən məhsullarla bağlı ola bilər.
 

Yerli istehsala gəldikdə isə, bir çox hallarda mövsümi boşluqlar, məhsuldarlığın aşağı olması, saxlanma infrastrukturunun zəifliyi və ya tələbatın artması səbəbindən daxili bazar tam ödənmir. Bu zaman qiymətlərin kəskin artmaması və bazarda qıtlıq yaranmaması üçün xaricdən kartof idxal olunur.


Yəni idxal təkcə istehsalın olmaması yox, həm də bazarın sabitliyini qorumaq üçün edilir. Yəni biz bütün fəsillərdə tələbatı tam şəkildə ödəyə biləcək qədər kartof istehsal edə bilmirik. Ona görə də idxalsız keçinmək mümkün deyil”.

Fatimə Əliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin