Qlobal böhran fonunda İCTİMAİ MƏSULİYYƏT – Sudan qənaətlə istifadənin STRATEJİ ƏHƏMİYYƏTİ

Hazırda oxunan: Qlobal böhran fonunda İCTİMAİ MƏSULİYYƏT – Sudan qənaətlə istifadənin STRATEJİ ƏHƏMİYYƏTİ

590920

Xəbər verdiyimiz kimi, yanvarın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirə keçirilib. Müşavirədə ölkənin su təminatındakı real vəziyyət və mövcud imkanlar ətraflı müzakirə olunub, perspektivlər müəyyən edilib.

Nəzərə alaq ki, qəbul edilmiş Dövlət Proqram iki mərhələdə (2026-2030 və 2031-2035) həyata keçiriləcək. Bu müddətdə su və kanalizasiya infrastrukturu tam yenilənəcək, fasiləsiz su təminatı səviyyəsi 95%-ə çatdırılacaq. Bu da əhalinin həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yüksəldəcək, yerli məhsul istehsalı stimullaşdıracaq və xidmətin keyfiyyətini artıracaq. Üstəlik bu sahədə xidmət beynəlxalq standartlara uyğunlaşdıracaq.

Dünyada vəziyyət necədir?

Dünya Resursları İnstitutunun məlumatına görə, dünya əhalisinin təqribən dörddə bir hissəsi su qıtlığının yüksək həddə çatdığı 17 ölkədə yaşayır.

Su qıtlığından ən çox əziyyət çəkən ölkələr bunlardır: Qətər, İsrail, Livan, İran, İordaniya, Liviya, Küveyt, Səudiyyə Ərəbistanı, Eritreya, BƏƏ, San-Marino, Bəhreyn, Hindistan, Pakistan, Türkmənistan, Oman və Botsvana. Bu ölkələrin əksəriyyəti Yaxın Şərqdə və Şimali Afrikada yerləşir. Həmin ölkələrdə kənd təsərrüfatı və sənaye sahələri, habelə bələdiyyələr istifadədə olan səth və yeraltı suların ildə orta hesabla 80 faizini istehlak edir.
 

Planetin sakinlərinin təxminən 40 faizi bu və ya digər dərəcədə içməli su çatışmazlığından əziyyət çəkir. 2030-cu ildə 700 milyon insan içməli su çatışmazlığından qaçqına çevrilə bilər. Hazırda iki milyard insan çirkli su içməyə məcbur olur. Su qıtlığının səbəblərindən biri bu təbii resursun lazımi qaydada idarə edilməməsi ilə bağlıdır.


2050-ci ilə qədər dünyada hər dörd nəfərdən ən azı birinin xroniki və ya vaxtaşırı şirin su çatışmazlığı ilə üzləşən ölkələrdə yaşayacağı ehtimal olunur. Ona görə də əksər dünya ölkələri bununla bağlı müvafiq tədbirlər görür.

Azərbaycanın təbii su ehtyatları

Bu gün ölkəmizdə ciddi su qıtlığı yaşanmır. Amma Azərbaycanın su ehtiyatları məhduddur. Respublikamızın su ehtiyatları 31 kubkilometrdir. Bunun təqribən 21 kubkilometri qonşu ölkələrdə, 10 kubkilometri isə ölkə daxilində formalaşır. Respublikamız əsasən subtropik iqlim qurşağında yerləşdiyinə görə su ehtiyatları ilə təbii şəraitə uyğun olaraq az təmin olunub.

Ölkəmizdə yağıntılar ərazi üzrə də qeyri-bərabər paylanılıb. Məsələn, ən çox yağıntı cənub zonasına düşür. Belə ki, Cənub zonasına ildə 1600-1800 millimetr yağıntı düşür. Bu yağıntı suları birbaşa Xəzər dənizinə axır. Coğrafi relyefin mürəkkəbliyinə görə bura düşən yağıntıdan digər regionların suya olan ehtiyacını ödəmək hələ ki, mümkün deyil.

Bu gün ölkə əhalisinin demək olar ki, üçdə birindən çoxunun cəmləşdiyi Abşeron yarımadasında isə ildə 200-350 millimetr yağıntı düşür. Bu da Cənub zonasına düşən illik yağıntı normasından 8-9 dəfə azdır.

Yerüstü suların əsas ehtiyatları çaylarda cəmlənib.

Azərbaycan çaylarının su ehtiyatları yerli və tranzit çayların hesabına formalaşır.

Ölkəmizən keçən 21 tranzit çay mövcuddur və onların əksəriyyəti Kür və Araz çaylarının
hövzələrinə aiddir. Kür və Arazın hövzələri müvafiq olaraq dörd və beş ölkənin ərazisində yerləşir. Su ehtiyatlarımızın 70 faizi ölkə sərhədlərindən kənardakı mənbələrdə formalaşır.

Azərbaycan ərazisində ümumi sahəsi 395 kvadratkilometr olan 450 göl var ki, onlardan 10-nun sahəsi 10 kvadratkilometrdən böyükdür.

Respublikada irili-xırdalı 150-yə yaxın su anbarı mövcuddur. Əsas böyük su anbarları Mingəçevir, Şəmkir, Araz, Yenikənd, Varvara, Ceyranbatan və Sərsəng su anbarlarıdır. Azərbaycanda hər birinin həcmi 1 milyon kubmetrdən çox 61 su anbarı mövcuddur. Su anbarlarının ümumi tutum həcmi 21,5 kubkilometr təşkil edir.

İşğaldan azad olunmuş ərazilərdəki su ehtiyatları

Sevindirici haldır ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası su problemlərinin həllinə böyük ümidlər yaradıb. Çünki Kiçik Qafqazın bol sulu çayları artıq Azərbaycanın nəzarətindədir.

İşğaldan azad olunmuş ərazilərdə yerləşən, Azərbaycanın hündürlüyünə görə (125 metr) ən yüksək, ümumi su tutumu 560 milyon kubmetr olan Sərsəng su anbarı vasitəsilə Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Yevlax və Goranboy rayonlarında, ümumilikdə 96 min hektardan çox ərazi suvarılır. 

Xatırladaq ki, işğal dövründə Ermənistan tərəfi bu su anbarını süni daşqınlar yaratmaqla Azərbaycan torpaqlarına ziyan vurmaq üçün yaz və payız aylarında açırdı.

Dövlətimizin başçısı müşavirədə çıxışı zamanı Ermənistanın bu cür addımlarının su terroru olduğunu bildirib:

“Vaxtilə torpaqlarımız işğal altında olanda Ermənistan dövləti bizə qarşı su terroru da həyata keçirirdi. “Sərsəng” və “Suqovuşan” su anbarlarının sularının bağlanması və sudan bir silah kimi istifadə edilməsi bizə böyük problemlər yaradırdı. Su lazım olan aylarda kəsilirdi, ondan sonra buraxılırdı və bu, böyük daşqınlara səbəb olurdu”.

Su təminatının yaxşılaşdırılması üçün görülən tədbirlər

Ümumilkdə, son illər ehtiyat su mənbələrinin yaradılması istiqamətində mühüm addımlar atılıb. 2010-2019-cu illərdə Azərbaycanda məhsuldarlığı saniyədə 19 kubmetr olan 44 yeni su mənbəyi yaradılıb.

Dövlət başçısının 23 iyul 2023-cü il tarixli sərəncamı ilə “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı” hazırlandı. Tədbirlər planına  əsasən, dağ çayları sularının yığılması üçün relyefə uyğun yeni su anbarları inşa olunub.

Ümumilikdə isə son 20 il ərzində ölkəmizdə 4 böyük su anbarı inşa edilib. Təkcə bu su anbarlarının potensialı 500 milyon kubmetrdən çoxdur.

Sudan səmərəli istifadənin önəmi

Reallıq ondan ibarətdir ki, Azərbaycan hökuməti qlobal iqlim dəyişikliyi fonunda azalan təbii su mənbələrinin alternativləri üçün davamlı layihələr həyata keçirir. Üstəlik, yaxın onilliklərdə əhalini və iqtisadiyyatı su qıtlığından sığortalamaq üçün innovativ layihələr reallaşdırılır.

Lakin su milli sərvət olduğu üçün ona diqqət də ümumxalq səviyyəsində yüksək olmalıdır. Hər kəs sudan qənaətlə istifadə etməlidir. Qənaətcillik təkcə evlərimizdə yox, həm də digər sahələrdə olmalıdır. Hazırda ölkə üzrə suvarma suyunun 40 faizə qədəri itkiyə gedir.

Bunun bir səbəbi ötürücü su kanallarının torpaq olmasıdırsa, digər səbəbi təsərrüfat sahiblərinin israfçılığa yol verməsidir. Üstəlik, əksər fermerlər Çiləmə və damcı üsulu ilə suvarmaya nədənsə çox az maraq göstərirlər. Əkin sahələri əsasən selləmə yolu ilə suvarılır. Bu da ciddi su itkisi deməkdir.

Eyni zamanda selləmə metodu əkin sahələrinə ziyan vurur, bitkilərin inkişafını ləngidir. Meyvə-tərəvəz istehsalında damcı üsulu nə qədər səmərəlidirsə taxıl, yonca, pambıq və digər əkinlərin suvarılmasında çiləmə üsulu daha rentabellidir. Ona görə də sahibkarlar, fermerlər bu məsələyə xüsusi diqqət yetirməlidirlər.

Ev təsərrüfatlarında məsuliyyət faktoru

Bu gün içməli su təhcizatı əsasən sayğaclaşdırılıb. Ona görə də su pulunun ödənişində elə bir ciddi problem yoxdur. Amma israfçılıq qalmaqdadır. Bəzi insanlar hələ də “pulunu verirəm, qalanın özüm bilərəm” prinsipi ilə yaşayırlar.

Bu cür yanlış yanaşma ilk növbədə öz gələcəyimizə zərər vurur. Çünki su ehtiyatları azaldıqca, onun dəyəri, önəmi daha da artır. Yəni biz bu gün su ehtiyatlarımızdan nə qədər səmərəli istifadə etsək, gələcək nəsillər üçün o qədər böyük, dəyərli miras qoyacağıq.

Surxay Atakişiyev, Bizim.Media

 

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin