Həyəcanlı (anksiyoz) hallar, panik atak çox vaxt stress və həyat tərzi ilə əlaqələndirilir, lakin yeni tədqiqat beynin biokimyasına diqqət yetirməyi təklif edir.
Bizim.Media xəbər verir ki, Kaliforniya Universitetinin alimləri insanların beynində kimyəvi maddələrin birbaşa ölçüldüyü 25 ayrı araşdırmanın nəticələrini əhatə edən geniş təhlil aparıblar.
Tədqiqatlar göstərib ki, anksiyoz pozuntusu diaqnozu qoyulmuş şəxslərdə beyində xolin səviyyəsi, həyəcan problemi olmayan insanlarla müqayisədə orta hesabla 8% daha aşağıdır.
Xolin niyə bu qədər vacibdir?
Xolin sadəcə qida maddəsi deyil, bir sıra həyati funksiyaları yerinə yetirir:
neyronların hüceyrə membranlarının tərkib hissəsidir;
emosiyaların, diqqətin və stressə reaksiyanın tənzimlənməsində birbaşa rol oynayan asetilxolin neyromediatorunun tərkibinə daxildir.
Tədqiqatçılar vurğulayırlar ki, xolinin aşağı səviyyəsi anksiyetenin birbaşa səbəbi deyil, daha çox biokimyəvi göstəricidir. Bununla belə, onun normal səviyyədə saxlanılması olduqca vacibdir, çünki orqanizm xolini məhdud miqdarda sintez edir və əsas mənbə qida məhsullarıdır.
Xolinlə zəngin məhsullar:
yumurta (xüsusilə sarısı);
qaraciyər və ət;
balıq;
soya məhsulları (tofu, edamame);
paxlalılar (lobya, noxud) və toxumlar.
Beləliklə, bu məhsulları kifayət qədər ehtiva edən balanslı qidalanma, psixi sağlamlığın kompleks şəkildə dəstəklənməsinin vacib hissəsi ola bilər.
Bizim.Media






























































































