Bakı-Sumqayıt yolunda beş avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib, xəsarət alanlar var.
Bizim.Media "Report.az"a istinadən xəbər verir ki, hadisə yolun Xırdalan şəhərindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, müxtəlif markalı beş avtomobilin toqquşması nəticəsində nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirilib ki, bu gün saat 12:00 radələrində yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb. Məlumata görə, çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub.
Hadisə yerində xəsarət alan 3 nəfərə (kişi) təcili tibbi yardım briqadası tərəfindən zəruri tibbi xidmət göstərilib və bədənin müxtəlif dərəcəli xəsarətləri diaqnozu ilə Abşeron Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bizim.Media






























































































