Aşağı Oratağda bir ailənin qürur dolu qayıdışı: “İlk qonağımız Prezident oldu” – FOTO

Hazırda oxunan: Aşağı Oratağda bir ailənin qürur dolu qayıdışı: “İlk qonağımız Prezident oldu” – FOTO

590701

Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işləri Qarabağın hər bir guşəsində yeni həyatın başlanğıcına çevrilib.
 

“Böyük Qayıdış” proqramı çərçivəsində müasir standartlara uyğun yenidən qurulan kəndlərimiz artıq öz doğma sakinlərini qəbul etməyə başlayıb. Bu qayıdış prosesi təkcə evlərin bərpası deyil, həm də onilliklər boyu yurd həsrəti çəkən insanların mənəvi bütövlüyünün təmin olunmasıdır.


Dövlət tərəfindən yaradılan yüksək şərait keçmiş məcburi köçkünlərin öz ocaqlarında təhlükəsiz və rifah içində yaşamasını ən yüksək səviyyədə təmin edir. Xüsusilə strateji əhəmiyyətli Ağdərə rayonunda aparılan bərpa işləri də bölgənin gələcək inkişafında mühüm rol oynayır.

Prezident İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Aşağı Oratağ kəndinə səfər edib, kəndə köçmüş Rüstəmovlar ailəsinin evində olub, ailə üzvləri ilə söhbət edib.

Bizim.Media xəbər verir ki, ailənin xanımı Nilufər Rüstəmova təəssüratlarını AZƏRTAC-ın bölgə müxbiri ilə bölüşərək deyib:

“Prezidentimizin evimizdə ilk qonaq olması bizim sevincimizə sevinc qatdı. Hər insana qismət olmur. Böyük qürurdur. Fəxr edirik ki, belə Prezidentimiz var".

Nilufər xanım qeyd edib ki, Aşağı Oratağ kəndini tərk edəndə dörd yaşı olub. Bu gün isə ailəsi, uşaqları ilə birgə doğma yurda qayıdıb.

“Çox şadam, böyük qürur və sevinc hissi keçirirəm. Buna görə Prezidentimizə təşəkkür edirəm, Allahdan şəhidlərimizə rəhmət, qazilərə isə cansağlığı diləyirəm”, - deyə o əlavə edib.

Ailənin başçısı Anar Rüstəmov da söhbətə qoşularaq, Prezident İlham Əliyevin yeni mənzildə yaradılmış şəraitlə yaxından tanış olmasını vətəndaşa göstərilən diqqət və qayğı kimi dəyərləndirib.

Sakinlərin öz evlərində dövlət başçısını qarşılaması və onlarla səmimi söhbətlər aparması dövlət-xalq birliyinin ən bariz təzahürüdür. Aşağı Oratağ kəndində Rüstəmovlar ailəsinin timsalında görünən bu sevinc, əslində bütün Qarabağa dönən soydaşlarımızın ortaq hissidir.
 

İşğaldan azad olunmuş torpaqlarda yaradılan hər bir yeni imkan – müasir infrastrukturdan tutmuş sosial obyektlərə qədər – sakinlərə bəxş edilən böyük qayğının nəticəsidir. Bu tarixi qayıdış prosesi sürətləndikcə, hər bir kəndimizdə uşaq gülüşləri yenidən eşidilir və bu ərazilər ölkəmizin ən çiçəklənən guşələrinə çevrilir.


Prezident İlham Əliyevin bu bölgələrə mütəmadi səfərləri isə bərpa işlərinin dövlətin hər zaman bir nömrəli prioritet sahəsi olduğunu bir daha təsdiqləyir.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin