Bir müddət əvvəl “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Ağdaş rayonunun Kükəl kəndində şirkətlərdən birinə məxsus istixana təsərrüfatının təbii qaz təchizatı dayandırılıb.
Şirkət rəhbərinin bildirdiyinə görə, qazın kəsilməsi üçün hər hansı əsaslı səbəb göstərilməyib və bu addım müəssisənin normal fəaliyyətinə ciddi maneə yaradıb.
Yaranmış vəziyyətlə razılaşmayan şirkət məsələni hüquqi müstəviyə çıxararaq Bakı Kommersiya Məhkəməsinə müraciət edib. Məhkəmə tərəfindən işə baxıldıqdan sonra 24 dekabr 2025-ci il tarixində istehlakçının haqlı olduğuna dair qərardad qəbul olunub. Qərarda qeyd edilib ki, istixana obyektinə təbii qazın verilməsinin dayandırılması qanunsuzdur və bu hal sahibkarlıq fəaliyyətinə ağır iqtisadi zərər vurur.
Məhkəmə qərarına əsasən, “Azəriqaz” İstehsalat Birliyinə qaz təchizatının kəsilməsinin qadağan edilməsi və təbii qazın dərhal bərpa olunması tapşırılıb. Hakim vurğulayıb ki, qazın kəsilməsi borcun məbləği ilə müqayisədə müəssisə üçün daha ciddi fəsadlar yaradır, bu isə “mütənasiblik” prinsipinə ziddir və istehlakçının hüquqlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır.
Qərardadda həmçinin göstərilib ki, müvəqqəti təminat tədbiri bir ay müddətinə qüvvədədir və bu müddət ərzində qazın verilməsinin dayandırılması yolverilməz sayılır.
Bizim.Media-ya müraciət edən şirkət rəhbərinin bildirdiyinə görə məhkəmə qərarı qüvvədə olduğu halda “Azəriqaz” tərəfindən qaz təchizatı hələ də bərpa edilməyib.
"Azəriqaz" İB-nin Zaqatala Regional qaz istismarı İdarəsinə müraciət etdik. İdarənin rəisi Cavid Hacıyev məsələ ilə bağlı açıqlama verməyərək, bizi “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr və korporativ kommunikasiya şöbəsinin rəisi Eldəniz Vəliyevə yönəltdi. Qurumun mətbuat katibi əvvəlcə məsələnin araşdırılacağını bildirsə də, dəfələrlə etdiyimiz müraciətlərimizi cavabsız qoyub.
Qeyd edək ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 160.1-ci maddəsinə əsasən isə bu tip məhkəmə qərarları dərhal icra olunmalıdır.
Mövzunu diqqətdə saxlayacağıq...
Bizim.Media































































































