Müştərilərdən “əlaltı” pul ALANLAR - Gözəllik salonlarında ƏDV-nin geri alınmasına başlanılıb?

Hazırda oxunan: Müştərilərdən “əlaltı” pul ALANLAR - Gözəllik salonlarında ƏDV-nin geri alınmasına başlanılıb?

590571

Məlum olduğu kimi bu ildən ƏDV-nin geri alınması mexanizmi bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə də şamil olunur. Xüsusilə paytaxtda yerləşən gözəllik salonları və kosmetoloji mərkəzlərdə kifayət qədər bahalı prosedurlar var ki, vətəndaşlar bundan “gözəgörünən” ƏDV almaqla xidməti daha ucuz əldə etmiş olar.

Amma 2026-cı ilin 2-ci həftəsində olmağımıza baxmayaraq bir çox salonlarda hələ ƏDV sistemi tətbiq olunmur. Araşdırdığımız şəhərin tanınmış və iri salonlarında hələki “ƏDV geri al” sisteminə başlanılmayıb. Belə çıxır ki, mexanizm qanunvericiliyə daxil edilsə də, hələ tam fəaliyyətə başlamayıb, ya da tətbiq mexanizminin detalları müəyyənləşdirilir.

Bəs gözəllik salonu və kosmetoloji xidmətlər üzrə ƏDV-nin geri alınması qiymət artımına təsir edəcəkmi?

Ekspertlər bildirirlər ki, əslində ƏDV sistemi mexanizminin tətbiqi salonların özlərinə faydalıdır. Çünki ƏDV mexanizmi ilə işləyib qəbz verən salonlar rəqabət üstünlüyü əldə edəcəklər: daha qazanclı xidmət əldə etmək və ƏDV-dən faydalanmaq istəyən vətəndaşlar rəsmi şəkildə fəaliyyət göstərən müəssisələrə üz tutacaqlar.  Amma tələbin artması belə xidmət mərkəzlərində qiymətlərin bir qədər qalxması ilə nəticələnə bilər.

Mövzu ilə bağlı iqtisadçı ekspert Əkrəm Həsənov Bizim.Media-ya bildirdi ki, ƏDV-nin geri qaytarılması obyektin özündən asılı olan proses deyil. Əgər o, ƏDV ödəyicisidirsə, qəbzdə bu özünü göstərəcək:

“Sadəcə ola bilər ki, obyekt ümumiyyətlə ƏDV ödəyicisi deyil. Əgər obyektin illik dövriyyəsi 200 min manatdan aşağıdırsa, o, ƏDV ödəyicisi deyil və qəbz olaraq da geri qaytarmır. Yox əgər dövriyyəsi çoxdursa, o zaman müştəri qəbzini tələb edə bilər. Ola bilər ki, salon müştəriyə qəbz verməkdən yayınır. Belə olduğu halda vətəndaşın vergi xidmətinə qeyri-rəsmi ödənişlə bağlı şikayət etmə haqqı var. Müştərilərdən ödənişi qeyri-rəsmi alan belə gözəllik salonları deməli öz dövriyyəsini gizlətmiş olur. Əlbəttə ki əlaqədar qurumlar bu cür halları müəyyən etsə, cərimə tətbiq olunacaq”.  

Şəfiqə Şəfa, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin