Ev sahibi olmaq illərlə əlçatmaz arzu kimi görünürdü. Amma bu gün Azərbaycanda dövlətin yaratdığı mexanizmlər sayəsində minlərlə ailə bu arzunu reallığa çevirir.
Bizim.Media xəbər verir ki, ipoteka kreditləri, sosial mənzillər və kirayədən mülkiyyətə keçid modelləri Azərbaycan dövlətinin mənzil siyasətinin əsas dayaqlarıdır. Bu mexanizmlər fərqli sosial qruplara hesablanıb.
Əsas məqsəd isə birdir: mənzil sahibi olmağı mümkün qədər əlçatan etmək. Bu gün ölkəmizdə ipoteka krediti banklar üzərindən verilir və iki əsas kateqoriyaya bölünür: adi və güzəştli. Xüsusilə, sosial statusu olan vətəndaşlar üçün nəzərdə tutulan 4 faizli ipoteka ən çox maraq doğuran mexanizmdir.
Şəhid ailələri, jurnalistlər, müəllimlər, məcburi köçkünlər, gənc alimlər və daha bir çox insan bu güzəştdən yararlana bilir. İstənilən üsulda isə müəyyən bir prosesdən keçmək və bir qədər səbirli olmaq lazımdır. Çünki mərhələli şəkildə sənədlər yığılmalı və əlaqəli qurum və ya banka təhvil verilməlidir.
Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa edilən mənzillər bazar qiymətindən aşağı təklif olunur. Seçim onlayn olaraq aparılır və proses tam şəffafdır. Bu mexanizmdə vətəndaş əvvəl ona hesablanan qiymətin 1 illik həcmini ödəyərək mənzildə kirayəçi kimi yaşamağa başlayır.
Aylıq ödənişlər tədricən mülkiyyət payına çevrilir və müddət bitdikdən sonra mənzil tam sahibinə keçir. Bütün hallarda bu fürsətlərdən faydalanmaq üçün vətəndaşın rəsmi gəliri olmalıdır.
Gözləmə müddəti ola bilər, çünki proses mərhələli şəkildə aparılır. Elə bu səbəbdən də hər mərhələnin seçimləri də məhduddur. Amma bazar qiymətləri ilə müqayisədə bu modellər ən real alternativlərdir.
Daha ətraflı BAKU TV-nin süjetində:
Bizim.Media































































































