Qarmon ifaçısı Gövhər Rzayevanın “Boşanmış qadın xına apara bilməz” fikri sosial şəbəkələrdə geniş müzakirələrə və kəskin etirazlara səbəb olub. Bir qisim bu yanaşmanı adət-ənənəyə bağlılıq kimi dəyərləndirsə də, digərləri bunu qadınlara qarşı ayrı-seçkilik və köhnə düşüncənin təbliği hesab edir.
Bəs adət-ənənə harada bitir, insan hüquqları harada başlayır?
Sosioloq Aynur Fərəcova deyir ki, yaşlı nəsil ənənələrə qatı şəkildə tabe olmağın tərəfdarıdır. Amma çox vaxt ənənəyə hörmət, real həyatla üst-üstə düşmür, hətta düşüncəsizlik etmiş olur.
“Bu, əslində hökm deyil, zamanla formalaşmış xalq inancıdır. Xüsusilə də patriarxal cəmiyyətlərdə özünə kök salır. Çünki boşanmanı daha çox qadının “ayıbı” kimi görən sosial mühit olub və indi də var. Çoxları inanır ki, boşanmış, yaxud dul qadın uğursuzluq gətirir, xına yaxarsa, üzük taxarsa, təzə gəlinə öz bədbəxt taleyini yükləmiş olar. Boşanmış qadının şadlıq məclislərində iştirak etməsi heç kimin xoşbəxtliyinə təsir etmir. Taleni yazan hər halda o deyil, kimin qismətindəı nə varsa onu da yaşayacaq”.
Sosioloq vurğuladı ki, belə yanaşma bir çox qadının cəmiyyətdən təcrid edilməsi kimi səslənir.
Boşanmış qadını “uğursuz” və ya “nakam” olaraq göstərir. Bu da cəmiyyətdə boşanmış qadınlara qarşı olan psixoloji təzyiqi daha da gücləndirir. Başqa sözlə, adət-ənənə insanı incidirsə, ayrı-seçkilik yaradırsa, ən əsası da müasir dövrlə ziddiyyət təşkil edirsə (nəzərə alaq ki, boşanmışların sayı əvvəlki dövrlərlə müqayisədə xeyli artıb) onda ona “əl gəzdirmək” lazımdır.
Şəfiqə Şəfa, Bizim.Media































































































