Son illər Azərbaycanda boşanma artdıqca aliment mövzusu da ən çox müzakirə olunan sosial-hüquqi məsələlərdən birinə çevrilib. Xüsusilə boşanmalardan sonra alimentin necə və kim üçün xərclənməsi məsələsi ətrafında ciddi narazılıqlar formalaşıb. Kütləvi ictimai rəyin böyük bir hissəsi kişilərin tərəfində dayanaraq iddia edir ki, aliment bir çox hallarda birbaşa uşağın ehtiyaclarına deyil, ananın şəxsi xərclərinə yönəldilir. Sosial şəbəkələrdə və ictimai müzakirələrdə tez-tez səslənən “aliment uşaq üçün deyil, salonlar üçündür” kimi fikirlər bu narazılığın miqyasını açıq şəkildə göstərir.
Belədirsə, alimentin sırf uşağa xərclənməsinə necə nəzarət etmək olar?
Bəzi ölkələrdə aliment vəsaitinin uşağın adına açılmış bank hesabında toplanması və yalnız müəyyən yaşdan sonra istifadə olunması təcrübəsi var. Məsələn ABŞ-də uzun illərdir bu təcrübə uğurla sınaqdan keçirilir.
Skandinaviya ölkələrində isə öz gəliri qənətbəxş olan qadın atadan gələn pulların uşağın adına açılmış hesabda yığılmasını şəxsi təşəbbüs əsasında edirlər. Çoxları bunu ədalətli və şəffaf mexanizm kimi qəbul edir. Bu baxımdan, alimentin təyinatı üzrə xərclənməsini təmin edən mexanizmlərin tətbiqi cəmiyyət üçün getdikcə daha zəruri görünür.
Bəs bu barədə qanunlar nə deyir?
Hüququşünas Ramil Süleymanov Bizim.Media-ya açıqlamasında bildirdi ki, bununla bağlı qanunvericilikdə birbaşa göstəriş olmasa da məhkəmə iddiası qaldırılmaqla buna nail olmaq mümkündür:
“Ümumiyyətlə qanunvericilikdə aliment uşağın tələbatları və fərdi inkişafına yönəldilməsi üçün nəzərdə tutulur və bu sabit məbləğ (260 AZN) hesablanarkən uşaqlar üçün ölkədə müəyyən edilmiş yaşayış minimumu nəzərə alınır. Əgər aliment ödəyən tərəfin bu pulun necə xərclənməsinə dair narazılığı varsa, bu barədə məhkəmədə iddia qaldırmaqla alimentin təyinatı üzrə xərclənib-xərclənməməsi ilə bağlı hesabatı qarşı tərəfdən tələb etməyə haqqı var.
Eyni zamanda alimentin köçürülməsi ilə bağlı qaydaların müəyyən olunmasında valideynlər sərbəstdirlər. Məsələn, valideyn tərəfindən ödənilən aliment məbləği onun gəlirinə görə həddən artıq böyükdürsə, bununla bağlı həmin valideynin məhkəməyə iddia qaldırmağa ixtiyarı çatır. Belə olduqda köçürülən alimentin müəyyən bir qisminin uşağın adına açılmış fərdi hesabda toplanılması qaydasını məhkəmədən tələb edə bilər”.

Şəfiqə Şəfa, Bizim.Media

































































































