TƏBİB rəhbərliyinin tapşırığına əsasən, Bakı Baş Səhiyyə Mərkəzi tərəfindən imtiyazlı xəstələr üçün yeni aptek yaradılıb.
Bizim.Media xəbər verir ki, vətəndaş məmnunluğunun artırılması, tibbi xidmətlərə əlçatanlığın təmin edilməsi, həmçinin 7 nömrəli Şəhər Poliklinikasının iş yükünün azaldılması məqsədilə Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi 22 ünvanında yerləşən 38 nömrəli Şəhər Poliklinikasının nəzdində imtiyazlı xəstələr üçün yeni aptek istifadəyə verilib.
Aptek Xətai rayonunun əhalisinin qeydiyyatda olduğu 38 nömrəli Şəhər Poliklinikasının və Zığ Sağlamlıq Mərkəzinin imtiyazlı xəstələrinin dərman təminatını həyata keçirəcək.
Ümumilikdə, aptek 3142 nəfər əhaliyə tibbi xidmət göstərəcək. Bunlardan 2692 nəfəri 38 nömrəli Şəhər Poliklinikasının, 450 nəfəri isə Zığ Sağlamlıq Mərkəzinin dispanser qeydiyyatında olan şəkərli və şəkərsiz diabet xəstələrini əhatə edir.
Qeyd edək ki, Bakı şəhəri üzrə ilkin səhiyyə xidməti müəssisələrində qeydiyyatda olan imtiyazlı xəstələrin dərman təminatı rayonlar üzrə mərkəzləşdirilmiş qaydada imtiyazlı apteklər tərəfindən həyata keçirilir.
İndiyədək Xətai rayonu ərazisində 1 mərkəzləşdirilmiş aptek (7 nömrəli Şəhər Poliklinikasında - M.Rüstəmov 1 ünvanında) fəaliyyət göstərirdi. Bu isə vətəndaşların dərman təminatı zamanı uzaq məsafələr qət etməsinə, bir sıra növbələrin yaranmasına, həmçinin aptekin yüklənməsinə səbəb olurdu.
Yeni fəaliyyətə başlayan aptekin yaxın məsafədə yerləşməsi sözügedən tibb müəssisələrinin sakinlərinin işini xeyli asanlaşdıracaq.
Onu da qeyd edək ki, ötən ilin noyabr ayında Binəqədi rayonunda yerləşən 9 nömrəli Şəhər Poliklinikasının iş yükünün azaldılması məqsədilə Biləcəri qəsəbəsində yerləşən 30 nömrəli Şəhər Poliklinikasının nəzdində də imtiyazlı xəstələr üçün yeni aptek istifadəyə verilmişdi.


Bizim.Media































































































