Həkimlik vicdanının simvolu – Xatirəsi qəlblərdə yaşayan Fəxrəddin Cavadov

Hazırda oxunan: Həkimlik vicdanının simvolu – Xatirəsi qəlblərdə yaşayan Fəxrəddin Cavadov

589857

Bu gün Azərbaycan səhiyyəsinin inkişaf tarixində silinməz iz qoymuş görkəmli alim, professor, Əməkdar həkim Fəxrəddin Gülmirzə oğlu Cavadovun vəfatından 17 il ötür. 

Zaman keçsə də, onun adı, xidmətləri və insanlara bəxş etdiyi ümidlər bu sahədə çalışanların və onu tanıyanların yaddaşında, qəlbində yaşayır.

Fəxrəddin Cavadov peşəkar həkimlik yoluna Təcili Tibbi Yardım stansiyasında səyyar həkim kimi başlayaraq, zəhməti, biliyi və qətiyyəti sayəsində səhiyyə sisteminin ən yüksək pillələrinə yüksəlmiş nadir şəxsiyyətlərdəndir. O, müxtəlif illərdə məsul vəzifələrdə çalışmış, səhiyyə sahəsində idarəçilik mədəniyyətinin formalaşmasına mühüm töhfələr verib.


Onun elmi fəaliyyəti Azərbaycan tibb tarixində xüsusi mərhələ təşkil edir. Fəxrəddin Cavadov Qafqaz və Orta Asiya məkanında ilk dəfə olaraq canlı donordan canlı resipientə qaraciyər köçürülməsi əməliyyatının həyata keçirib, bununla da regionda transplantologiyanın inkişafına yeni yol açıb. 

Bu nailiyyət təkcə tibbi uğur deyil, həm də Azərbaycan səhiyyəsinin elmi potensialının göstəricisi idi.

2000-ci ildən ömrünün sonunadək rəhbərlik etdiyi Mərkəzi Neftçilər Xəstəxanası onun fəaliyyəti dövründə tamamilə yeni mərhələyə qədəm qoydu. Qısa müddətdə bu tibb müəssisəsi sırf sahə xəstəxanası statusundan çıxaraq, ölkədə və regionda tanınan müasir müalicə və elmi mərkəzə çevrildi. Aparılan islahatlar, yenilənən infrastruktur və peşəkar kadr siyasəti xəstəxananın nüfuzunu əhəmiyyətli dərəcədə artırdı.


Fəxrəddin Cavadov təkcə alim və həkim deyil, həm də yüksək mənəvi keyfiyyətləri ilə seçilən böyük insan idi. Onu tanıyanlar daim onun mərhəmətindən, insanlara olan səmimi münasibətindən, çətin anlarda məsuliyyəti üzərinə götürmək bacarığından danışırdılar. O, həkim peşəsini sadəcə iş deyil, həyat missiyası kimi qəbul edir, insanlara xidmət etməyi ən ali dəyər sayırdı.

Onun səsləndirdiyi fikirlər – səhiyyənin ölkə daxilində gücləndirilməsi, həkimin cəmiyyət qarşısında məsuliyyəti, insan həyatının ali dəyər olması – bu gün də aktuallığını qoruyur. Dövlət başçısının regionlarda tibb müəssisələrinin yaradılmasına verdiyi dəstəyi yüksək qiymətləndirən Fəxrəddin Cavadov bu prosesi Azərbaycan səhiyyəsində keyfiyyətcə yeni mərhələ kimi dəyərləndirirdi.

Görkəmli alimin fəaliyyəti dövlət tərəfindən də layiqincə qiymətləndirilib. O, səmərəli xidmətlərinə görə “Tərəqqi” medalı və digər təltiflərlə mükafatlandırılıb, “Azərbaycan Respublikasının Əməkdar həkimi” fəxri adına layiq görülüb, ölümündən sonra isə “Qızıl ürək” ordeni ilə təltif edilib.

Onun yetişdirdiyi gənc mütəxəssislər, həyata keçirdiyi islahatlar və qoyduğu elmi irs isə Azərbaycan səhiyyəsinə uzun illər xidmət edib, edəcək...

Qeyd edək ki, 1951-ci ildə Bakı şəhərində anadan olan Fəxrəddin Cavadov 1974-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmiş, 1985-ci ildə namizədlik, 2008-ci ildə isə doktorluq dissertasiyasını müdafiə edib. 


2009-cu il yanvarın 9-da 57 yaşında dünyasını dəyişən Fəxrəddin Cavadovun əziz xatirəsi bu gün də ehtiramla yad olunur. 

Vəfatından sonra onun haqqında "Bir sağlam ürək" və "Yaşamaq gözəldir, yaşatmaq da…" sənədli filmləri çəkilib. Fəxrəddin Cavadovun zəngin həyat yolu və fəaliyyəti həmin sənədli filmlərdə əks olunaraq gələcək nəsillərə ötürülüb.

Allah rəhmət eləsin!




Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin